Saakaşvili vətənə qayıdır, yoxsa blef edir..?

Saakaşvili vətənə qayıdır, yoxsa blef edir..?Azərbaycanlı sabiq deputat: “Geri dönəcəyi ilə bağlı verdiyi bəyanatlar artıq Gürcüstanda ciddiyə alınmır”

“Şəxsən mən oktyabrın 2-də keçiriləcək seçkilər üçün Gürcüstana gedəcəyəm”. Bu fikirləri Gürcüstanın üçüncü prezidenti (2004-2013) Mixail Saakaşvili özünün feysbuk səhifəsi üzərindən videomüraciətində deyib.

O, Gürcüstanda həbs olunacağından qorxmadığını bildirib: “Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram”.

Keçmiş dövlət başçısı həmvətənlərinə çağırış edib: “Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.

Mişa tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb. Onu da qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Saakaşvili 2015-ci ildən Gürcüstan vətəndaşlığından məhrum edilib. Ukrayna vətəndaşı olan siyasətçi 2020-ci ilin mayından bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində çalışır. Gürcüstana dönəcəyi halda onu bir sıra ittihamlar üzrə həbs gözləyir.

Hazırda Saakaşvili ətrafında ən çox gəzən suallardan biri də onun ölkəsinə qayıdarsa, nələri dəyişə biləcəyi yönündədir. Onun rəhbəri olduğu Vahid Milli Hərəkatı Partiyası hazırda Gürcüstanda ana müxalifətdir. Son prezident və parlament seçkilərini uduzan Saakaşvilinin ölkəsində hər hansı bir dəyişikliklər etmək imkanları 50-50-yədir. Bu baxımdan o, persona olaraq hər kəsin diqqətini cəlb etməyi bacarır.

Hakim “Gürcü Arzusu”nun sabiq deputatı Mahir Dərziyev hesab edir ki, Saakaşvili ölkəsinə gələn kimi həbs olunacaq: “Saakaşvilinin mütəmadi olaraq geri dönəcəyi ilə bağlı verdiyi bəyanatlar artıq Gürcüstanda ciddiyə alınmır. Bizdə belə bir söz var: ”Atalar üçə qədər deyib". Bu adam bəlkə də 13-cü dəfədir ki, gələcəyi ilə bağlı bəyanatlar verir. Özü də çox qəribə bir vasitələrlə “gəlir”, gah at belində, gah tunellə, gah da dənizlə... Bir sözlə, onun fikirləri çox qeyri-ciddidir. Bununla daha çox Gürcüstan seçicisinin, əhalisinin rəyini öyrənir. Son dedikləri də bu yöndə onun növbəti bir addımıdır. Onu Gürcüstanda birmənalı şəkildə həbs kamerası gözləyir. Saakaşvili bir sıra cinayətlərdə ittiham olunur. Qiyabi formada bir neçə maddə ilə həbs cəzasına məhkum olunub. O, elə aeroportda həbs olunacaq. Saakaşvilinin özü bunu çox gözəl bilir. Onu da yaxşı bilir ki, xalqın kütləvi şəkildə onu müdafiə edəcəyi real deyil. Bu gün on minlərlə insan küçələrə çıxsın ki, Saakaşvili niyə həbs olundu və s. real deyil. Gürcüstanda xalq bir dəfə öz sözünü deyib. Bəli, bugünkü iqtidarın ünvanına çoxlu sayda tənqidlər var. Mən də haradasa bu tənqidlərin bəzilərini qəbul edirəm. Haqlı iradlar olmamış deyil. Amma bu da həqiqətdir ki, gürcü xalqı Saakaşvili rejimini istəmir. Onun bir daha geriyə qayıdacağına yol verməyəcək. Mən bu fikirləri burada yaşayan və buradakı vəziyyəti öz gözü ilə görən bir insan kimi deyirəm. Hazırda fəal siyasətlə də məşğul olmuram. Saakaşvilinin bu gün Gürcüstana qayıtması üçün real zəmin yoxdur. Ölkədə elə də ciddi bir narazılıq yoxdur. Sosial partlayış üçün də ciddi əsaslar mövcud deyil. Xalqın siyasi fəallığı bir sıra səbəblər üzündən xeyli aşağıdır. Belə bir şəraitdə Saakaşvilinin ölkəyə gəlib kütləvi çıxışlara, küçə nümayişlərinə başçılıq edəcəyi real deyil. Onu da bilirsiniz ki, müxalifət yerli seçkilərə hazırlaşmır. Gürcüstan müstəqillik əldə etdikdən sonra bu günə qədər keçirilən bütün seçkilərdə iştirak edən bir adam kimi deyə bilərəm ki, seçkilər misli bərabəri olmayan çox sakit bir şəraitdə keçir. Əvvəlki gərginlik, qarşıdurma yoxdur. Əvvəllər Gürcüstanda belə şeylər tez-tez olurdu. Hər kəsə məlumdur ki, müxalifət seçkilərə hazırlaşmır, seçkilərin səhərisi gününə hazırlaşır ki, nəyisə bəhanə edib yenidən əhalini küçəyə tökməyə cəhd etsin. Amma bu da baş tutan deyil. Bir sözlə, Saakaşvilinin gəlməsi real deyil. Gələndə onu nələrin gözlədiyini özü də çox qəşəng bilir. Nə xalqdan, nə də beynəlxalq ictimaiyyətdən böyük dəstəyi yoxdur".

Müxalif Avropalı Gürcüstan Partiyasının siyasi şurasının üzvü və Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev də Saakaşvilinin gələcəyinə inanmır: “Mixail Saakaşvilinin videomüraciətinə biz də baxdıq. Onun bu müraciəti yenə də illər öncə seçkiqabağı etdiyi müraciət idi. Yəni seçkilərdən öncə gələcəyini bildirmişdi. Amma düşünürəm ki, artıq Mixail Saakaşvilinin bu cür müraciətlərinə heç kəs ciddi yanaşmır. Bir növ belə müraciətləri artıq ciddiyə alınmır. Çünki 2014, 2016, 2018 və 2020-ci illərdə keçirilən seçkilər öncəsi də Saakaşvili eyni müraciətləri etmişdi. Amma dediyinə əməl etməmiş, yəni gəlməmişdi. Bu səfər də eyni müraciət edir, eyni fikirlər səsləndirir. Hətta bunu belə dəyərləndirərdim ki, Saakaşvili belə müraciətlərlə hakim partiyanın, yəni ”Gürcü Arzusu"nun dəyirmanına su tökmüş olur. Bu müraciəti də seçicilərimizi daha çox parçalamağa, fikir ayrılığı yaratmağa bənzədirəm". (Musavat.com)

Saakaşvili vətənə qayıdır, yoxsa blef edir..?

  • 8-09-2021, 10:32
  • 205


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  2. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  3. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  4. Himnimiz səsləndi, rektor ayağa qalxa bilmədi - Video
  5. MƏKTƏBLİLƏRİN İNTİHAR SƏBƏBİ İMTAHANDIRMI? – “Onları özünəqəsdə aparan 3 əsas səbəb var”
  6. Dollar kəskin bahalaşdı - Məzənnə son 20 ilin ən yüksək səviyyəsinə çatıb
  7. Mübahisə etdiyi anası ilə qonşusunu güllələyib qaçdı
  8. Türkiyə XİN İranın hava çirkliliyi ilə bağlı iddialarına cavab verib
  9. “Lotu Quli” Kərəm Həsənov dostluğu: qalmaqallı otelin sirləri
  10. “Lotu Quli” Kərəm Həsənov dostluğu: qalmaqallı otelin sirləri
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI