Bakı və İrəvan analitikləri Brüssel danışıqlarının yekunlarına fərqli yanaşırlar...

1 170 17-12-2021, 19:28 siyaset

Bakı və İrəvan analitikləri Brüssel danışıqlarının yekunlarına fərqli yanaşırlar...İlham Əliyevlə Nilkol Paşinyanın Brüsseldə apardığı danışıqlar Soçi görüşündə qəbul edilmiş bəyanatda əks olunmuş sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəsinin davamı oldu. Azərbaycan analitikləri belə hesab edir. Onların fikrinə görə, dəmiryol əlaqəsinin bərpası Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur.

Avropa İttifaqı bəyan edir ki, ekstraərazi dəhlizlər yolverilməzdir, İrəvanda belə düşünürlər.

"Qafqaz qovşağı" dekabrın 15-də məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin iştirakı ilə danışıqlar aparıb. Görüşdə onlar iki ölkə arasında sərhədlərin delimitasiyası və dəmiryolunun açılması üzrə müvəqqəti işçi qrupunun yaradılması barədə razılığa gəlib.

Görüşdən öncə Brüsseldə İlham Əliyev və Nikol Paşinyan bir-birinə qarşı iddia ilə çıxış edib.

NATO-nun baş katibi ilə Brüsseldəki görüşündə İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi Laçın dəhlizinin fəaliyyət göstərdiyi şərtlər əsasında fəaliyyət göstərməlidir.
Ermənistanın baş naziri isə Azərbaycan rəhbərini bununla regional kommunikasiyaların
açılması məsələsini dalana dirəməyə cəhd etməsində günahlandırıb.

Avrointeqrasiya üzrə Azərbaycan milli ictimai komitəsinin üzvü Toğrul Cuvarlı qeyd edib ki, hələlik söhbət dəmiryolunun açılmasından gedir, çünki avtomobil yolunun açılması məsələsinə aydınlıq gətirilməyib. Doğrudur, dəmirylolu məsələsində də mövqelər heç də üst-üstə düşmür. Azərbaycan tərəfi hesab edir ki, dəhliz boyu hərəkət sərbəst, heç bir gömrük prosedurları olmadan baş verməlidir. Ermənistan isə əksini düşünür. Lakin ən əsası odur ki, tərəflər bu dəhlizin yaradılması barədə ümumi razılığa gəlib.

Şarl Mişel bəyan edib ki, dəmiryolun bərpası sərhəd və gömrük nəzarətinin "qarşılıqlı surətdə" təmin edilməsini nəzərdə tutur.
Bu formul müxtəlif cür izah edilə bilər, çünki bir tərəfdən bu, dəhlizin "ekstraərazi" prinsipini istisna edir, digər tərəfdən Azərbaycanın da mövqeyini əks etdirir, çünki Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə eyni statusda olmasını nəzərdə tutur. İlham Əliyev bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizində gömrük postları qoyarsa, Azərbaycan da bunu Laçın dəhlizində tətbiq edəcək. Həm də nəzərə alınmalıdır ki, ermənilərin məskunlaşdığı Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb,-Cuvarlı belə deyib.

Hər iki tərəf daha əlverişli rejimlərdə dəhlizlərin fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycan Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə yaradacaq, Ermənistan isə İran və Rusiyaya daşınmalarını həyata keçirəcək,- Cuvarlı vurğulayıb.

Avropa İttifaqı prezidentinin bəyanatında həmçinin Avropa İttifaqının tərəflər arasında sərhədlərin delimitasiyasında texniki və konsultativ yardımın göstərilməsi vurğulanır.
İstənilən halda bu məsələ Rusiyanın vasitəçiliyi ilə həyata keçiriləcək, çünki xəritələr Rusiya MN-nin Baş Qərargahındadır.
Avropa İttifaqı isə, məsələn, təbii resurslar, ayrıcı xətlər üzrə təbii obyektlərin ayrılması, bu zaman Avropa dövlətlərinin təcrübəsindən istifadə edilməsi, sərhədlərin qarşılıqlı olaraq iqtisadi nöqteyi-nəzərdəm məqsədəuyğun olması məsələlərində konsultativ yardım edə bilər. Mən burada Avrlla İttifaqı ilə Rusiya arasında rəqabət görmürəm,-ekspert belə düşünür.

Cuvarlı həmçinin qeyd edib ki, Şarl Mişelin bəyanatında ATƏT-in Minsk qrupunun adı çəkilmir və Qarabağ ermənilərinin "status" məsələsindən danışılmır. Bu isə Azərbaycanın mövqeyinə uyğundur. Hazırda münaqişənin hərbi fazasına son qoymaq, regional əməkdaşlığa başlamaq lazımdır, bu isə gələcəkdə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün əlverişli mühit yarada bilər, -Cuvarlı qeyd edib.


O, həmçinin deyib ki, Avropa İttifaqı nəqliyyat kommunikasiyalarının açılmasında, o cümlədən Ermənistan ərazisindən keçən hissəsində yolların çəkilməsinə maliyyə yardımı edə bilər, çünki Ermənistanın iqtisadiyyatı zəifdir. Bu həm də Rusiyanın marağındadır, çünki Moskva İran və Ermənistanla birbaşa dəmiryolu əlaqəsini və Gümrüdə öz hərbi bazasını təchiz etmək imkanını əldə etmiş olacaq. Avropa İttifaqı isə bununla region dövlətləri üçün öz əhəmiyyətini artırmış olacaq,-Cuvarlı deyib.

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Brüssel görüşü Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasında dünya güc mərkəzləri arasında konsensusun olduğunu nümayiş etdirib.
Cənubi Qafqazda sülhün bərqərar edilməsi bütün əsas regional oyunçuların mənafelərinə uyğundur.
Rusiya həlledici moderator kimi ənənəvi olaraq öz həyati mənafelərinə aid olan regionda öz təsirini artırmış olur. Avropa İttifaqı isə bölgədə Avropa dəyərlərini irəliyə aparmaq və strateji perspektivdə regionun Avropaya inteqrasiysını hədəfləyir.
ABŞ isə dünyadakı durum üçün məsuliyyət daşıyan böyük dövlət kimi heç olmasa bir münaqişəsinin aradan qaldırılmasında maraqlıdır,-Mehman Əliyev belə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda vəziyyətin köklü dəyişilməsində hamının maraqlı olmasını həm Ruiyanın, həm də Qərbin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini fəal surətdə dəstəkləməsi sübut edir.

Məlum olduğu kimi, artıq Türkiyə ilə Ermənistan xüsusi nümayəndələrinin təyin edilməsi haqqında razılığa gəlib, həmçinin Türkiyə İrəvana çarter reysləri açmağı planlaşdırır.

Eksremal jurnalist araşdırmaları mərkəzinin eksperti Tofiq Dadaşov qeyd edib ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasına kömək edəcək. Bu posesə əngəl ola biləcək yeganə maneə Ermənistanın daxilindədir. Çünki Paşinyan həm müxalifət, həm də hərbçilərin ciddi müqaviməti ilə üzləşib. Həm sərhədlərin delimitasiyası, həm Zəngəzur dəhlizinin açılmasında, Qazax rayonunun ötən əsrin 90-cı illərin əvvələrində işğal edilmiş 7 anklav kəndlərinin Azərbaycana qaytarılmasında və s. məsələlərdə bu, özünü büruzə verir.
Amma Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa edilməsi Ermənistanı regional dalandan çıxara, iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcəkdir, bunu Ermənistanda hamı anlamalıdır,-Dadaşov qeyd edib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, çox mühüm bir tədbirdə Azərbaycanın mövqeyi Qərb tərəfdaşlarına çatdırılıb. Aydın oldu ki, hamı Azərbaycanın münaqişədən sonrakı gündəliyini qəbul edir. O cümlədən Avropanın ən təsirli təşkilatı olan Avropa İttifaqı Azərbaycanın mövqeyini dəstəkləyir.
Avropa İttifaqının bərpa işlərində maliyyə yardımının göstərilməsi çox mühüm məsələdir,- Zülfüqarov belə deyib.

Erməni politoloqları Avropa İttifaqının danışıqlar prosesinə qoşulmasını alqışlayıb.

Analitik Ovsep Xurşudyan hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə qoşulması Azərbaycanın Sünikdən keçən dəhlizi əldə etmək üçün təcavüz ehtimalını azaldır. O, qeyd edib ki, Azərbaycan üçtərəfli 10 noyabr razılaşmasında yer almış "maneəsiz əlaqə" ifadəsi ilə manipulyasiya edir və bununla da Naxçıvanla nəqliyyat əlaqəsini Laçın dəhlizinin statusu ilə eyniləşdirməyə cəhd edir. Onun sözlərinə görə, Avropa İttufaqı anladıb ki, ekstraərazi dəhlizlər yolverilməzdir.

"Əliyev üçtərəfli bəyanatı öz bildiyi kimi interpretasiya edir. Beynəlxalq siyasət və diplomatiyada hər terminin öz mənası var. Üçtərəfli bəyanatda yalnız bir dəhliz-Laçın dəhlizindən söhbət gedir",-siyasi analitik belə deyib.

Onun sözlərinə görə, bəyanatda təkcə Araz çayı boyunca dəmiryolu əlaqəsindən deyil, bütün kommunikasiyaların açılmasından danışılır.
"Bu isə o deməkdir ki, Qars-Gümrü dəmiryolu əlaqəsi də açılmalıdır. Azərbaycan Tbilisidən Naxçıvana, oradan da Ermənistan ərazisindən keçə bilər. Bu marşrutu işə salmaq daha operativdir, nəinki yeni yol çəkmək. Rusiyanın o qədər də arzulamadığı əlaqəyə alternativ olaraq İcevan-Qazax yolunu bərpa etmək olar. Bunun üçün yalnız dəmiryolunun bir neçə kilometrini təmir etmək lazım gələrdi,- analitik izah edib.

Xurşudyan qeyd edib ki, Azərbaycan prosesi ləngitməyə cəhd edəcək, çünki Sünikdən dəhliz əldə etmək istəyir ki, Ermənistanı gəlirlərdən məhrum etsin. Lakin Azərbaycana dəhliz verilməyəcək, bu, Ermənistan üçün qırmızı xəttdir,-o, vurğulayıb.

Analitik qeyd edib ki, Avropalı ekspertlər sərhədlərin delimitasiyası ilə bağlı yaradılacaq komissiyanın işində iştirak etməyə razılıq verib və bu, Ermənistan üçün çox vacibdir, çünki Kremlin bu prosesdə moderator kimi qalması Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təzyiqi bataqlığında qalması demək olardı. Amma Avropalıların delimitasiya və demarkasiya prosesində iştirakı yüksək standartları təmin edəcək. Bundan başqa, Avropa Rusiyanı hər iki tərəfə təzyiq etməklə öz maraqlarını yeritmək imkanından məhrum edəcək,-Xurşudyan belə güman edir.

Analitik qeyd edib ki, Mişelin bəyanatında Avropa İttifaqının patronajlığı altında iqtisadi platformanın yaradılması haqqında fikri çox əhəmiyyətlidir.
"Əgər Avropa platforması erkən yaransa, o zaman "3+3" formatdan yalnız Ermənistanla Türkiyə münasibətlərinin nizamlanması qalacaq, burada artıq müsbət irəliləyiş müşahidə edilir. Artıq Amerika mətbuatında bu prosesə Bayden tərəfindən təkan verilməsini qeyd edirlər. Bu zaman Rusiya buna müqavimət göstərə bilməz, çünki əks halda Cənubi Qafqazda öz təsirini itirə bilər",-o, izah edib.

Siyasi icmalçı Naira Ayrumyan güman edir ki, tərəflərin verdiyi bəyanatlardan bu qənaətə gəlmək olar ki, onlar taym-aut götürmək istəyirlər.
Erməni tərəfi dəmiryolu xəttinin çəkilişinə heç də tələsməyəcək, bu, illərlə davam edə bilər və ağrılı məsələləri azalda bilər.
Əliyev isə öz xalqına izah edəcəkdir ki, nədən arzuedilən dəhliz açılmayıb. Bu mənada Əliyevlə Paşinyanın fikirləri "üst-üstə" düşür.
Sərhədlərin müəyyən edilməsi məsələsi də uzana bilər, amma Şarl Mişelin bəyanatından aydın olur ki, gərginliyin azaldılması üçün qoşunlar arasında distansiya olmalıdır, çox güman ki, qoşunların geri çəkilməsi və "təhlükəsizlik zolağı"nın yaradılması barədə qərar qəbul ediləcək,-o, qeyd edib.

Ayrumyan belə hesab edir ki, əsas nəticə ondan ibarətdir ki, 10 noyabrda "yola düşən" və erməni tərəfinə misli görünməmiş ziyan vuran və hələ də ətalətlə hərəkət edən "qatarı" dayandırmaq mümkün oldu.

"Mənə elə gəlir ki, həm Bakı, həm də Moskva anladılar ki, həddə gəlib çatıblar və daha Ermənistandan güzəşt gözləməyə dəyməz",-o, belə düşünür.

Politoloq Armen Vardanyan isə gözləmirdi ki, Brüssel görüşünün gündəliyi belə məhsuldar olacaq.

"Brüsseldə humanitar məsələlərin müzakirəsi gözlənilirdi. Lakin gündəlik daha geniş oldu. Kreml öz inhisarçı mövqeyini saxlaya bilmədi",-siyasi icmalçı belə deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyən edilməsi Azərbaycanın maraqlarına cavab verir, çünki onun üçün bu, ərazi bütövlüyünün tanınması deməkdir. Ermənistan bu məsələ üzrə komissiyanın yaradılmasına ciddi təzyiq ucbatından razılıq verməyə məcbur olub. Amma Ermənistan özü üçün manevr imkanını da saxlayır və bəyan edir ki, sərhədlərin demarkasiyası Qarabağ nizamlanması məsələsini gündəlikdən çıxarmır və bu münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmalıdır,-politoloq belə izah edib.

Faiq Məcid, Tiqran Petrosyan, "Qafqaz qovşağı"nın müxbirlər

XƏBƏR LENTİ