Fransada siyasi böhran - Makron baş nazirin istefasını qəbul etməyib

697 21-06-2022, 15:47 dunya

Fransada siyasi böhran - Makron baş nazirin istefasını qəbul etməyibFransa baş naziri Elizabet Born son seçkilərdən sonra iqtidar partiyasının parlamentdəki çoxluğunu itirməsindən sonra istefa verib, lakin prezident Emmanuel Makron onu qəbul etməkdən imtina edib.
Xeberdar.net xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı (prezident iqamətgahı-red.) məlumat yayıb.

Saraydan verilən açıqlamaya görə, prezident baş nazirdən öz işinin başında qalmasını xahiş edib.

Fransa dövlət başçısının “mümkün konstruktiv həllər” tapmaq üçün bu gün və çərşənbə günü rəqib partiyaların liderləri ilə danışıqlar aparacağı qeyd olunur.

Qeyd etmək lazımdır ki, son seçkilərin nəticələri Emmanuel Makronu olduqca pis vəziyyətə qoyub. Fransa tarixində azlıq hökumətləri (parlamentdə mütləq dəstəyə malik olmayan-red.) nadir hadisə sayılır.

Emmanuel Makronun bloku Milli Assambleyada ən çox yerə malik olsa da hökumətə dəstək almaq üçün 44 deputat yeri çatmır. Üstəlik, prezident bazar günü keçirilən səsvermə zamanı məğlub olan üç nazirini də dəyişdirməli olacaq.

Fransa parlament-prezident respublikası rejiminə malik ölkədir. Burada baş naziri prezident təyin etsə də, hökumət parlamentin qarşısında məsuliyyət daşıyır. Lakin dövlət başçısının Mili Assambleyanı buraxmaq səlahiyyəti də var. Yerli siyasi ekspertlər Fransada bir ildən sonra yeni seçkilərin keçiriləcəyindən əminliklə danışırlar.

Xeberdar.net

XƏBƏR LENTİ