“BİZİ RUSLARLA ÜZ-ÜZƏ GƏTİRMƏK İSTƏYİRLƏR” – “Rusiya bölgədən getməli olsa, öz mövqelərini Türkiyəyə verəcək”

1 962 11-07-2022, 00:26 siyaset

“BİZİ RUSLARLA ÜZ-ÜZƏ GƏTİRMƏK İSTƏYİRLƏR” – “Rusiya bölgədən getməli olsa, öz mövqelərini Türkiyəyə verəcək”Azərbaycanla Ermənistan arasında real danışıqlara sanki ara verilib. Əvəzində, Ermənistan və Xankəndi separatçıları vəziyyəti gərginləşdirməyə çalışır. Həmçinin, ardıcıl olaraq, Qarabağdakı erməni hərbçilərinin ərazidən çıxarılmayacağı, eləcə də rus sülhməramlılarının hələ uzun müddət regionda qalacağı barədə bəyanatlar, açıqlamalar yayılır. Bütün bunlar isə istər-istəməz ölkələr arasında sülh danışıqlarına, yekun sənədin hazırlanması prosesinə mənfi təsir göstərir.

“AzPolitika.info” bu mövzunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:

- Tofiq müəllim, hazırda Azərbaycanla Ermənistan arasında danışıqlarda durğunluq müşahidə olunur. Buna paralel olaraq, Ermənistan və Qarabağdakı separatçı qurum tərəfindən vəziyyətin gərginləşdirilməsi istiqamətində addımlar, açıqlamalar görürük. Yaranmış durumu necə qiymətləndirirsiniz?

- Hazırda Ermənistan danışıqlardan faktiki olaraq imtina edir. Sülh sazişi, delimitasiya və demarkasiya mövzusu aktual deyil. Artıq onlar seçim ediblər və indiki mərhələdə onları bu danışıqlar maraqlandırmır. Köhnə siyasətləri qüvvədə qalır. Niyə? Çünki ərazi iddiaları qüvvədədir. Onlar hesab edirlər ki, indi Azərbaycanın imkanı yoxdur ki, vəziyyəti dəyişsin. Onların düşüncəsinə görə, rus sülhməramlılar onlara imkan verir ki, köhnə siyasəti indiki şəraitdə rahat davam etdirsinlər. Daha dəqqiq desək, söhbət anneksiya siyasətinin davam etdirilməsindən gedir.

Bu baxımdan indi biz tərəfdən əsas məqsəd sülhməramlılara təzyiq, onlarla danışıqların aparılmasıdır. Onlardan və ya onların rəhbərliyindən tələb olunmalıdır ki, 10 noyabr razılaşmasının müddəaları həyata keçirilsin.

- Bəs, rusların mövqeyi nədən ibarətdir, onlar indiki mərhələdə hansı xəttə üstünlük verirlər?

- İndi Ukrayna hadisələri ilə əlaqədar ruslar bu məsələ ilə məşğul olmaq istəmirlər. Çünki bu halda onlar istər-istəməz Ermənistan və Azərbaycanın mövqeyi arasında seçim etməlidirlər. Bu da ya bizdə, ya da Ermənistanda imkanlar yaradacaq ki Qərbə meyllilik güclənsin. Bu baxımdan ruslar vaxtı uzatmaq taktikasına üstünlük verirlər. Bir növ “nə şiş yansın, nə də kabab” məsəli.

Azərbaycanınsa mövqeyi belədir ki, sülhün cəlbedici olmasını təkliflərlə ifadə etmişik. Əlbəttə, Türkiyə ilə birlikdə. Hər yerdə də sülh istədiyimizi elan edirik, buna hazır olduğumuzu bildiririk. Sözsüz ki, ərazi bütövlüyü və suverenlik çərçivəsində. Eyni zamanda, qeyd olunur ki, ermənilər beynəlxalq hüquqa zidd olan mövqe nümayiş etdirir və açıq bəyan edirlər ki, onların hərbçiləri Azərbaycan əraizisində qalacaq. Biz deyə bilərik ki, artıq mövqeyimizi ifadə etmişik. Hesab edirəm ki, biz yeni addımlara hazırlaşırıq.

- Yeni addımlar dedikdə nəyi nəzərdə tutursunuz?

- Birincisi, bir çox məsələlər Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Burada Rusiyanın hansı siyasət yürütməsi çox vacib mövzudur. Üstəlik, Azərbaycan istəməz ki, belə bir vəziyyətdə Rusiya ilə qarşıdurmaya getsin. Amma bu, o demək deyil ki, Azərbaycan özünəməxsus tərzdə siyasətini aparmayacaq. Əksinə, Azərbaycan özünə lazım olduğu tərzdə siyasətini aparacaq və təzyiq amilindən istifadə edəcək. Bu, əsasən iki istiqamətdə ola bilər. Diplomatik-siyasi addımlar və güc təzyiqindən istifdə. Yəni, bu və ya digər regionda hansısa vəziyyətin yaradılması, eləcə də ermənilərə təzyiqlər. Məsələn, Laçın istiqamətində hansısa postların qurulması, yoxlanışlar həyata keçirmək və s. Bu baxımdan dediyim iki komponentdən istifadə ediləcək.
Ads by
Reklamçı olYayınçı olReklamınızı SmartBee ilə effektiv edin.
Ətraflı

Əslində, indiki şərait bizə müəyyən qədər imknanlar da açır. Çünki qarşıdurma ilə məşğul olan Qərb və Rusiya istər-istəməz özlərinə tərəfdaş axtarışını davam etdirir, bölgədə onların mövqeyinə yaxın olan ölkələri öz düşərgələrinə cəlb etməyə çalışırlar. Bu baxımdan vəziyyət həm də müəyyən imkanlara yol açır.

- Və Bakı da bundan yararlanmalıdır...

- Bəli. Çünki ümumi geopolitik vəziyyət bizim xeyrimizə dəyişir. Azərbaycan-Türkiyə tandemi və müttəfiqliyi güclənir. Moskva daha çox Ankara ilə əməkdaşlığa əhəmiyyət verir. Eyni zamanda, Rusiyanın bölgədə mövqeləri zəifləyir. Bu baxımdan bölgədə gedən proseslərin ümumi tendensiyası bizim xeyrimizədir.

Hamı da anlayır ki, gec-tez məqam yetişəcək və Rusiya bölgədən gedəcək. Burada sual yaranır: Rusiyanı bölgdə kim əvəz edəcək? Ermənilər istəyirlər ki, Qərb əvəz etsin. Qərb də bunu istəyir. Ona görə də bir çox hallarda görürük ki, ermənimeylli addımlar atılır, bəyanatlar verilir. Amma biz başa düşməliyik ki, burada real güc Türkiyədir. Həm coğrafi, həm də regiondakı mövqeyi baxımından. Üstəlik, mən inanmıram ki, Əfqanıstan proseslərindən sonra ABŞ və ya Fransa bölgədə hərbi baxımdan iştiraka hazır olsun. Fransanın Avropada, Ukraynada və ənənəvi nüfuz dairəsi olan Qərbi Afrikada problemləri kifayət qədərdir. Bu baxımdan Türkiyənin bu bölgədə güclənməsi qaçılmazdır. Açıq danışaq, Rusiya bölgədən getməli olacaqsa, bu zaman mövqelərini Türkiyəyə verəcək, nəinki Qərbə. Bu da mümkün olan ssenaridir.

- Əgər ermənilər ənənəvi siyasətinə qayıdırsa, deməli, Zəngəzur dəhlizinin açılmasına hər cür maneə yaradılacaq. Bu halda gərginlik pik həddə çata bilərmi?

- 10 noyabr sənədində ən vacib elementlərdən biri dəhlizlərdir. Sənəddə iki dəhliz ifadəsindən istifadə olunur və müəyyən öhdəliklər qoyulur. Məsələn, 5 illik Laçın dəhlizi və müddətsiz Zəngəzur(Mehri) dəhlizi. Bu baxımdan ermənilərin bundan imtina etməsi Azərbaycan üçün qəbuledilməzdir. Bu halda ya Laçın dəhlizi vaxtından tez bağlanmalıdır, ya da Zəngəzur açılmalıdır. Onlar istəyir ki, Laçın yolu işləsin, amma Zəngəzuru verməsinlər. Təbii ki, bu, Azərbaycanın xeyrinə deyil. Bu məsələdə Laçın xüsusi yer tutur. Çünki ermənilərin Qarabağ bölgəsinə nüfuzu və təsiri məhz Laçından keçir. Hərbçilərin gedib-gəlməsi, maliyyə axınları, layihələrin reallaşdırılması və s. Bunların hamısı Laçınla əlaqəlidir. Laçın dəhlizi bağlansa, bütün bunlar havada qalacaq. Laçının bir faktor kimi əhəmiyyətini hamı başa düşür. Bizim hələ də görülməli bir çox işlərimiz var. İlk növbədə Kəlbəcər, Laçın, Zəngilanda nüfuz və varlığımız real olmalıdır ki, Qarabağda daha rahat işləyək. Bu halda bizim ermənilərin yaşadığı bölgəyə təsirimiz daha da artacaq. Bunu hamı başa düşür. Odur ki, bizim əsas məqsədimiz dediyim rayonları gücləndirməkdir. Hərbi, iqtisadi, siyasi baxımdan. Şuşanı da bura əlavə edirəm. Məqsəd strateji üstünlüyə nail olmaqdır.

- Uzun müddətdir ki, ekspertlər Qarabağda anti-terror əməliyyatları haqqında danışır, bəzən bunun qaçılmaz olduğunu deyirlər. Siz hərbi gərginlik gözləyirsinizmi?

- Ermənilərin əsas məqsədi odur ki, hansısa şəkildə bizi rus sülhməramlılarla üz-üzə qoysunlar. Onlar yaxşı başa düşürlər ki, atəşkəsi pozanda və bizim buna cavabımız olanda məsuliyyəti sülhməramlılar daşıyır. Təbii ki, onlar təxribatlar törədərək bizi ruslarla üz-üzə gətirmək istəyirlər. Onların fikrincə, buna nail ola bilsələr, strateji təşəbbüs onlara keçəcək. Azərbaycan bunu yaxşı başa düşür. Bizdə də müəyyən təkliflər səslənir ki, nəyə görə, bunu belə etmirik, onu elə etmirik, bunu etmək lazımdır, zaman çatıb və s. Belə çıxır ki, Rusiya ilə qarşıdurmaya getməliyik, halbuki, burada da suallar ortaya çıxır. Sözsüz ki, Rusiyaya qarşı tək çıxmayacağıq, bunu Türkiyə ilə bilikdə edəcəyik. Türkiyə buna hazırdırmı və bu, Bakı ilə Ankaraya lazımdırmı? Yəni, burada çoxlu suallar ortaya çıxır. Ümumi qənaət ondan ibarətdir ki, hələ vaxtı dyil. Deməli, indiki təzyiqlərlə yanaşı incə siyasi-diplomatik davranış ən düzgün taktikadır. Ən azı indiki mərhələdə. Baxaq görək gələcəkdə vəziyyət necə dəyişəcək. Mən əminəm ki, ümumi geopolitik dəyişikliklər bizim xeyrimizə olacaq. Amma gözləməliyik.

Rasim Əliyev

“AzPolitika.info”

XƏBƏR LENTİ