Naxçıvan MR Mərkəzi Xəstəxanasında çarpayılar xəstələrə günü 80 manata satılır-iddia

659 16-08-2022, 07:31 cemiyyet / gundem

Naxçıvan MR Mərkəzi Xəstəxanasında çarpayılar xəstələrə günü 80 manata satılır-iddiaNaxçıvan MR Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrə çarpayıların 80 manata satıldığı bildirilir. Bu barədə “Gündəlik Naxçıvan”a sakinlər şikayət edib. Sədərək rayon sakini Şükür Cavadov bildirir ki, bu yaxınlarda həmin xəstəxanada əməliyyat olunub. Həkimlər sağalana kimi onun xəstəxanada qalmalı olduğunu bildirsələr də, hazırda palatalarda yer olmadığını bildiriblər:
"Dedilər yerimiz yoxdu, ancaq 80 manat versən ayrıca otaqda çarpayı düzəldə bilərik. Məcbur qalıb dedikləri pulu verdim, mənə dərhal yer tapıldı. Sığortam ola-ola, əməliyyata da məndən 350 manat rüşvət almışdılar".
Culfa rayonundan olan digər şikayətçi Teymur Vəliyev də çarpayı üçün pul ödədiyini bildirir:
"Kor bağırsağımdan əməliyyat olunmuşdum. Sığortam olsa da, həkimlər məndən 300 manat rüşvət aldı. Lakin, sağalana kimi xəstəxanada qalmaq, ondan da baha başa gəldi. Dedilər yer yoxdu, ancaq 80 manat versən, təkadamlıq palatada saxlaya bilərik. 5 gün xəstəxanada yatdım. Demək olar ki, hər dəfə növbə əvəzlənəndə sarğını dəyişən, iynə vuran tibb bacısına, palatanı silib-süpürənə hörmət etməli olurdum. Bir əməliyyat üçün ümumilikdə 800 manat xərcim çıxdı".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın adının çəkilməsini istəməyən işçisi şikayətlərin əsassız olduğunu bildirdi.

Xeberdar.net

XƏBƏR LENTİ