Erkən nikah problemi

Erkən nikah problemiÖlkəmizdə erkən nikahların sayı azalmaq əvəzinə artır, çıxış yolları nədir?
Son vaxtlar xüsusən bölgələrdə erkən nikah hadisələrinə tez-tez rast gəlirik. Məsələn, bir müddət əvvəl Sabirabad rayonunun Qəzli kəndində məktəbli qızın toyu olması haqda məlumat yayılmışdı. Sevindirici haldır ki, bu cür olaylar zamanı aidiyyəti qurumlar dərhal məsələyə reaksiya verir, lazımi tədbirlər görürlər. Bununla belə, ölkəmizdə erkən nikah problemi səngimir, əksinə, müşahidələrə əsasən, artdığını demək olar. Hansı ki, erkən nikah halları bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Azərbaycan Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib. Üzürlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.

Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunub. Belə ki, 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 olduğu halda, 2018-ci ildə bu rəqəm 2129, 2019-cu ildə isə 2120 olub.

Ancaq bu bir faktdır ki, ölkəmizdə baş verən erkən nikahların sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. Araşdırmalar da onu göstərir ki, əksər hallarda yeniyetmələr məhz valideynlərin təzyiqi və yaxud tərəfindən erkən nikaha cəlb edilir.

Qeyd edək ki, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var. Belə ki, Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

Bəs erkən nikah problemi niyə bitmir? Hazırda bölgələrdə erkən nikah problemi nə dərəcədədir?



Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinin və sığınacağının sədri Südabə Məmmədova“Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, dünyanın bir çox, o cümlədən 150-dən çox ölkəsində erkən nikahlarla bağlı qadağalar olmasına baxmayaraq, bir sıra mentalitet amilləri əsasında qoyulan qanunlar pozulur, erkən nikahlara yol verilir. Qeyd edim ki, bizim ölkəmizdə də ənənələrə söykənərək, erkən nikahlara gedənlər var və sayları getdikcə artır”.

Südabə Məmmədova qeyd edib ki, erkən nikahın cəmiyyətdə törətdiyi fəsadlar kifayət qədər çoxdur:

“Bəs niyə valideynlər övladlarını erkən nikaha təhrik edir? Mən deməzdim ki, valideynlər övladlarından tez qurtulmaq, başlarından etmək üçün bu addımı atır. Burada bəzən iqtisadi, bəzən də psixoloji faktorlar önə çıxır. İqtisadi faktor onunla bağlı olur ki, ailələrin iqtisadi vəziyyəti çox ağır olur, övladına təhsil verə bilmirlər və düşünürlər ki, qızları ailə qursa, ər evində daha yaxşı şəraitdə, vəziyyətdə yaşayar. Lakin biz görürük ki, bəzən imkanlı ailələr də övladlarını erkən nikaha cəlb edir. Burada əsas səbəb sanki öz övladlarını qorumaq məqsədli olur. Bu halda valideynlər düşünürlər ki, qız mütləq kiminsə himayəsində yaşamalıdır və sairə. Bizim sığınacağa da müraciət edənlər arasında erkən nikaha cəlb olunanlar var. Onların bir çoxu müxtəlif səbəblərdən boşanıblar, çünki uşaq təfəkkürü ilə ailə qururlar və ailəyə adaptasiya oluna, bir çox problemlərin öhdəsindən gələ bilmirlər.

Daha bir məsələ, hələ fiziki baxımından tam formalaşmayan qızların özü ana olur və uşağa baxa bilmirlər.

Biz erkən nikahdan danışarkən daha çox qızlardan söz açırıq. Amma xatırladım ki, oğlanlar da erkən nikaha sövq edilir. Bu halda fəsadlar daha ağır olur, çünki erkən nikaha cəlb edilən oğlan ailə qurmağa macəra kimi baxır və bunun məsuliyyətini heç cürə anlamır. Erkən nikahın digər fəsadları ondan ibarətdir ki, bu cür nikahların demək olar ki, yarısı boşanma ilə nəticələnir. Nəticədə bir qadın fiziki sağlamlığını erkən itirir, körpə uşaq faktiki olaraq uşağın himayəsində qalır, ortaya ciddi sosial problemlər çıxır. Çünki erkən nikaha cəlb olunan qadın təhsildən kənarda qalır, heç bir peşəyə yiyələnmir, cəmiyyətdə özünə yer tutmaqda ciddi çətinlik çəkir. Bəli, Gəncə şəhərində də erkən nikah problemi var. Doğrudur, bu cür nikahların sayı cənub bölgələrində olduğu qədər də deyil, bununla belə hələ də mövcuddur. Bizim qurumumuz bu problemlə bağlı daim mübarizə aparır".

Araşdırmalara görə, dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada - Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Niger - 75%; Çad və Mərkəzi Afrika Respublikası - 68%; Banqladeş - 66%; Qvineya - 63%; Mozambik - 56%; Mali - 55%; Burkina-Faso və Cənubi Sudan - 52%; Malavi - 50%; Hindistan - 47% fərqlənirlər.

Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, Türkiyədə 18 yaşa qədər olan 180 mindən çox qız nikaha girir.
\Müsavat.com.

Erkən nikah problemi

  • 3-09-2022, 10:18
  • 362


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI