Türkiyədən Naxçıvan Muxtar Respublikasına gələn 5 nəfər Babək rayon sakini Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində qanunsuzluğa məruz qaldıqlarını, təhqir və təhdid olunduqlarını bildirirlər.
Xeberdar.net Məlumat verir ki, bu barədə onlar “Gündəlik Naxçıvan”a məlumat veriblər.
Sözügedən şəxslər bildirirlər ki, dekabrın 22-də gömrük qaydalarına uyğun olaraq şəxsi istifadə üçün gətirdikləri ərzaq məhsulları və geyim əşyaları əllərindən alınıb və anbara qoyulub.
Onların sözlərinə göə, buna etiraz edən zaman isə Etibar adlı gömrükçü onları təhqir etməyə başlayıb.
Həmin şəxslərdən biri olan Babək rayon Nehrəm qəsəbə sakini Müslim İsmayılov deyir ki, gömrük işçilərini qanuna uyğun davranışa dəvət etdikdə təhdidlə üzləşiblər:
“Gömrük qaydalarına uyğun olaraq ayda hər bir nəfərə bir dəfə Türkiyədən 30 kiloqram ərzaq məhsulu gətiməyə imkan verilir. Kasıb adamlarıq, evə yağ, toyuq, kolbasa və s. zəruri ərzaq məhsulları almışdıq. Əlimizdən alıb anbara vurdular. Qaydaları xatırladıb etiraz etdik, mübahisə yarandı. Etibar adlı gömrük məmuru bizimlə kobud rəftar etdi. Ölkə prezdentinin məmurlara vətəndaşlarla normal davranmaq, onlara xidmət göstərmək xəbərdarlığını xatırlatdıq. O, isə bildirdi ki, prezdentin sözləri ona aid deyil. Dedi ki, mən gömrükdə lotuyam. Sonra bizi təhdid etməyə başladı”.
Müslim İsmayılov deyir ki, növbəti gün məsələ ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsinə şikayətə gediblər.
O bildirir ki, İdarədən onları mallarını götürmək üçün Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə göndəriblər, lakin gömrük əməkdaşları bu dəfə başqa problem yaradıb:
“Beş nəfərə 100 manata taksi danışaraq 80 kilometr yol qət edib, təkrar gömrüyə getdik, lakin mallarımızı yenə geri ala bilmədik. Mallarımızın əksəriyyətinin tez xarab olan olduğunu gömrükçülərə dəfələrlə xatırlatsaq da, əhəmiyyəti olmadı. Dedilər ki, iki gün sonra, yəni növbəti həftənin birinci günü “Ford Transit” maşını gətirib malları yığarsınız ona, biz maşını möhürləyəcəyik, mallar Naxçıvan şəhərindəki gömrük xidmətinə gedib, orada sənədləşəcək, malların ümumi dəyəri hesblanacaq və 36% rüsum ödənəcək. Bundan başqa ailə-uşaq üçün aldığımız geyim mallarının müsadirə olunacağını da dedilər. Biz kasıb adamlarıq. Fəhləlik edib uşağımıza çörək aparırıq. Bunu da bizə çox görürlər”.