Bu haqda “Gündəlik Naxçıvan”a rayonda fəaliyyət göstərən bir qrup müəllim məlumat verib. Müəllimlər bildirirlər ki, normal dərs saatı almaq üçün onlardan tələb olunur ki, aldıqları maaşın bir hissəsini şöbə rəhbərinə çatdırsınlar. Bununla razılaşmayan müəllimlərin dəRadio saatları əlillərindən alınır.
Dərs saatı əlindən alınanlardan biri də rayonun 1 saylı məktəbində 30 ildən artıqdır çalışan ibtidai sinif müəllimi Şəhla Əliyevadır. O deyir ki, şöbə müdiri 3 ildir ki, ona normal dərs saatı vermir, bu il isə olan-qalan saatın yarısını əlindən alıb:
“Sirac Qarayev iş başına gələndən, mənə işləməyə imkan vermir. Hər il dərs saatımı kəsə-kəsə gedir. Bu il də 15 saatımı kəsib. Niyə kəsdiyi, kəsdiyi saatları hansı şərtlər altında kimlərə verdiyi haqda danışmaq istəmirəm, bunu rayonda hamı bilir. Mən son sertifikasiya imtahanından 51 balla keçmişəm, Siniflərimin şagirdləri illərdir ki, ən yüksək nəticələr göstəriblər. Mənim dərs saatımı kəsmək üçün heç bir əsasları yoxdur. Tək qadınam, övladımı oxuduram. Kəsilən maaşımla necə dolanım bundan sonra? Hər il əlavə olaraq 4 saat dərnək dərsi verir, onu da köhnə cədvəllə hesablayır. Prezidentin qərarı var ki, sertifikasiyadan yüksək balla keçənlərin dərnək saatları yüksək cədvəllə hesablanmalıdır. Bunlar dövlət başçısını da saymırlar. Direktora deyirəm, deyir ki, mənlik deyil, şöbədən belə tapşırıblar. Hara şikayət edirəm, xeyri yoxdur. Müdir heç kimi saymır”.
Adının çəkilməsini istəməyən digər müəllim isə, iş saatı kəsilməsin deyə, maaşının bir hissəsini şöbə rəhbərinə verməyə razılaşıb:
“35 saat dərsim var idi. Çağırıb dedilər ki, ya 6 saatın maaşını hər ay bizə verəcəksən, ya da dərs saatını 20-yə endirəcəyik. Məcbur olub, razılaşdım. Razılaşmayanların dərs saatlarını əlindən alıb, başqalarına satırlar. Bilirəm ki, düz iş görmürəm, ancaq, ailəmi dolandırmaq üçün başqa yolum yoxdur”.
Sədərək rayon Təhsil Şöbəsindən müəllimlərin ittihamlarına cavab vermək istəmədilər.