“1990-cı illərin əvvəlində ölkə xaos içindəydi. Dövlətin strukturları yenicə qurulurdu, ordu anlayışı hələ formalaşmamışdı. Amma o çətin dövrdə bir ovuc insan vardı ki, bu torpağın sahibsiz olmadığını göstərdi. Əllərində ov tüfəngi, kökslərində Vətən sevgisi ilə öncəbhəyə yollandılar. Silah-sursatı olmayan bir ordu qurmaq, Vətəni qorumaq üçün canlarını ortaya qoydular. O illərdə göstərilən misilsiz şücaət nəticəsində onlarla müharibə iştiraçısı “Milli Qəhrəman” adına layiq görüldü. Onların hər biri bu torpaq uğrunda döyüşüb, tarix yazdı. Onlar bizim müasir ordumuzun təməlini qoydular, azadlığımızın ilk qoruyucuları oldular. Bu gün Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri həyatda qalıb. Onların saçları ağarıb, illər ötüb, bədənləri yorulub… amma o günlərdə göstərdikləri qəhrəmanlıq heç vaxt solmayacaq.
Və budur, Ordumuzun yaranmasının 107-ci ildönümü gəldi, keçdi. Yenə də həmin insanlar unuduldu”. Bu fikirləri Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin İdarə Heyətin Sədri
Elşən Uluxanlı bildirib.
O deyib ki, rəsmi tədbirlər, təntənəli mərasimlər, təltiflər oldu, amma sağ Milli Qəhrəmanların nə adları çəkildi, nə də sadə bir “təşəkkür” mesajı gəldi: “Bəzən insan fikirləşir: doğrudanmı, sadəcə bir SMS yazmaq bu qədər çətindir? Bir “Sizi unutmuruq” demək bu qədərmi ağır gəlir?
Bu insanlar dövlətin ilk sütunlarını çiynində daşıyanlardır. Bugünkü sabitlik, güclü ordu, bu gün bayrağımızın zəfərlə dalğalanması onların zamanında atdığı təməl daşın nəticəsidir.
Onları unutmaq sadəcə şəxsi laqeydsizlik deyil, bu bütöv bir nəsli, bir dövrü, bir haqqı görməzlikdən gəlməkdir. Vətən üçün canını qoyaraq qürur mənbəyimizə çevrilən insanlarımıza dəyər vermək bizlərin boynumuzun borcudur.
Torpaqlarımızın müdafiəsində iştirak edənlərə təşəkkür yoxdursa, şəhidliyin, qəhrəmanlığın nə mənası qalır? Əgər bir millət öz qəhrəmanını unudursa, sabah kim canını fəda edər?”