Sumqayıt polisi tərəfindən övladının gözləri qarşısında əsassız olaraq saxlanılan sahibkar Rövşən Baxışova polis idarəsində psixoloji, fiziki təzyiq göstərib, saxta ittihamlarla 30 sutkalıq həbsə göndərməklə təhdid və şantaj ediblər.
Bu haqda Xeberdar.net-ə R.Baxışovun özü danışıb.
Sahibkar deyib ki, hadisə 2020-ci il avqustun 19-da saat 15.00 radələrində baş verib. Astma simptomları yenidən ağırlaşan oğlu Nəcəfin COVİD-ə yoluxmasından şübhələnərək onu Sumqayıt şəhər xəstəxanasının təcili tibbi yardım şöbəsinə aparıb. Xəstəxanadan çıxarkən polislər onu əsassız olaraq pandemiya qaydalarını pozmaqda ittiham edərək, səxlayıblar. Onun portal vasitəsilə alınan icazəsinə, telefonuna gələn icazə mesajina, oğlunun xəstəlik tarixçəsinə əhmiyyət verilməyib. “Oğlum Nəcəfi həkimə aparmaq lazım idi. Portaldan istifadə edərək evdən çıxmaq üçün icazə istədim və telefonuma mesaj gəldikdən sonra oğlumu Sumqayıt şəhər xəstəxanasının təcili yardım şöbəsinə apardım. COVID testindən keçdi və xoşbəxtlikdən virusa yoluxmadığı aydın oldu. Saat 15:00 radələrində xəstəxanadan çıxanda 2 polis əməkdaşı bizə yaxınlaşaraq icazəsiz evdən çıxdığımız üçün karantin rejimini pozduğumuzu bildirdi və polis maşınına minməyimizi əmr etdilər. İcazəmizin olmasını açıqlasam da əhəmiyyət verilmədi.” ”-deyə sahibkar bildirib.
R. Baxışov əlavə olarq qeyd edib ki, onu oğlu ilə birlikdə zorla maşına soxmaq istəyiblər. Nəcəf ağlamağa başlayıb. Ata oğlunun polisə aparılmamsı üçün yalvarıb. Polislər razılaşıblar. Ondan Nəcəfi evə aparmaq üçün avtomobilinin açarını istəyiblər. Lakin tanımadığı polislər olduğu üçün açarı verməkdən imtina edib. Polisdən taksi çağırmalarını xahiş edib.
Sahibkar bundan sonra polisə müqavimət adı ilə şərlənməsin deyə polis maşınına minib. Haraya aparılmasını soruşsa da, ona deyilməyib. O oğlunun evə çatıb-çatmamasını öyrənmək üçün zəng etmək istəyib. Lakin, polislər ona imkan verməyərək, telefonu əlindən alıblar. Onun telefonu ilə həyat yoldaşına zəng edərək Nəcəfin evə gedib çatdığını öyrəniblər.
Onu şərləyən polisin özü idarə daxilində heç bir pandemiya qaydalarına əməl etməyib.
Sahibkar idarədə tək olmadığının, başqa vətəndaşların da eyni iddialarla polisə gətirildiyinin şahidi olub. İdarədə bir daha qaydaları pozmadığını sübut etməyə çalışıb, lakin onu dinləmək belə istəməyiblər. Ailəsinə zəng etməyə də imkan verilməyib.
Axşam saat 17 radələrində tək saxlandığı otağa gələn polis əməkdaşı karantin rejimini pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə məhkəməyə aparacaqlarını, hakimin onun haqqında 30 sutkalıq inzibati həbs qərarı verəcəyini bildirib. Saatlarla gözləsə də, onu məhkəməyə aparan olmayıb. Əksinə, 3 nəfərlə bərabər idarənin təcridxanasına yerləşdirilib. Təcridxanada ona fiziki işgəncə verilib, pisxoloji, mənəvi basqılar edilib.
Saxta ittihamlar əsasında 10 il həbsə göndərilməklə hədələnib...
“Mənə və digər saxlanılanlara yalnız iki dəfə tualetə və bir dəfə su içməyə icazə verdilər (cəmi 1 şüşə). Tualetdən istifadə edəndə əlavə su istədim, amma, polis qarnıma iki dəfə dəyənəklə vurdu və susmağı əmr etdi. Şiddətli ağrılarım olsa da, növbəti zərbəni almamaq üçün susdum. Dedi ki, əks halda mənə qarşı sürülən ittihamlarla bağlı fikirlərini dəyişə, dövlət məmurlarına qarşı “sui-qəsd” və “yalan xəbər yaymaq” maddələri ilə cinayət işi açıb, 10 il müddətinə azadlıqdan məhrum edə bilərlər. Bu çox ciddi bir təhdid idi.
Təxminən 5-6 saat kamerada qaldıqdan sonra polis gəldi və mənim şanslı olduğumu, ailəmin mənim həbs göndərilməməyim üçün əlindən gələni etdiyini bildirdi. Məni azad etdilər. Evə qayıdarkən atam məni polisdən qurtarmaq üçün növbəti dəfə rüşvət verdiyini dedi.”-sahibkar vurğulayıb.
O, əlavə olaraq qeyd edib ki, evə qayıtıqdan bir gün sonra hərarəti qalxıb, özünü yaxşı hiss etməyib. Əlamətləri COVİD olsa da, polis nəzarətindən, insanların öldüyü COVID müalicə mərkəzlərindən birinə göndərilməkdən qorxduğu üçün heç yerə müraciət etməyib və evdə müalicə alıb.
Xeberdar.net