
Sumqayıtda polislər sahibkar Rövşən Baxışovu cəzalandırmaq üçün dükanından təxminən1700 AZN (1000 dollar) dəyərində malı götürüb, pulunu ödəmədən gediblər. Götürülən malın pulunu geri almaq üçün şikayət edən sahibkarın özü isə təhdidlə üz-üzə qalıb. Bu haqda Xeberdar.net saytına sahibkarın özü məlumat verib.
Şikayətçi deyib ki, hadisə 23 avqust 2024-cü ildə baş verib. 2 polisin dükana girdiyini, pul ödəmədən təxminən 1700 AZN(1000 dollar) dəyərində mal götürüb getmələri ilə bağlı məlumatı ona satıcısı deyib. Bundan şoka düşən sahibkar dükana gəlib. Qonşu mağaza sahiblərindən “oğurların” Sumqayıt şəhər 1 saylı polis idarəsinin əməkdaşları olduğunu öyrənib.
DİN-in 102 qaynar xəttinə, polis idarəsinə şikayət etsə də, nəticəsi olmayıb. Əksinə, polislər R. Baxışovdan şikayətini dayandırmağı tələb ediblər. Polis bölməsində polisin onun dükanından mal götürməsi faktı rədd edilib , polisi şərləməkdə günahlandırıb, həbslə hədələnib. Sahibkardan şikayətini dayandırmağı tələb ediblər.
Sahibkara deyilib ki, şikayətini geri götürməzsə, şahid kimi 2 polis nəfərini çağırıb onun üzünə dirəndiriləcək , İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis əməkdaşı və ya hərbi qulluqçu ictimai asayişin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirərkən qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək15 sutkalıq inzibati həbsə göndəriləcək. Edilən təhdidlər müqabilində sahibkar şikayətini geri götürməli olub. Sahibkar özünə və digər sahibkarlara qarşı edilən bu haqsızlıqların durdurulmasının zəruri olduğunu bildirir. Sahibkara qörə qanun sahibkarlara yiyə çıxmazsa insanların ədalətə inamı itəcək və ölkədə inkişaf olamaycaq.
Xeberdar.net