Türkiyənin Kayseri şəhərində polis əməkdaşları qeyri-adi üsulla gizlədilmiş böyük miqdarda narkotik maddə aşkarlayıblar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aparılan əməliyyat zamanı bir avtomobilin şəhərə narkotik maddə gətirməyə çalışdığı müəyyən edilib.
Kayseri İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılan avtomobilə baxış zamanı iki ədəd gəlinliyin üzərinə muncuq şəklində işlənmiş və hopdurulmuş 25 kilo 400 qram narkotik maddə aşkar edilib.
Hadisə ilə bağlı avtomobildə olan iki nəfər saxlanılıb və onlar barəsində hüquqi tədbirlər görülüb.
Əməliyyatla bağlı Kayseri valisi Gökmen Çiçek sosial media hesabında paylaşım edərək əməliyyatı həyata keçirən jandarma əməkdaşlarını təbrik edib və sərt açıqlama verib:
"Hansı yolu seçsələr də, təhlükəsizlik qüvvələrimiz gənclərimizi zəhərləmək istəyən alçaqlara imkan verməyəcək. İl Jandarma Komandanlığımızın işi nəticəsində şəhərimizə narkotik gətirmək istəyən avtomobil saxlanılıb. Araşdırma zamanı iki gəlinliyin üzərinə muncuq şəklində işlənmiş və hopdurulmuş 25 kilo 400 qram narkotik ələ keçirilib.
Bu şəhərdə narkotik satmaq mümkün olmayacaq. Gənclərimizi zəhərləmənizə icazə verməyəcəyik"
Vali Çiçek, əməliyyatı uğurla həyata keçirən polis əməkdaşlarına təşəkkür edərək, onların fədakar xidmətini yüksək qiymətləndirib.