Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Montenegro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.
"Prezident İlham Əliyevin NATO nümayəndə heyətini qəbul etməsi, Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında artan rolunun bariz göstəricisidir" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu görüş həm də Azərbaycanın Qərb strukturları ilə dialoqunu gücləndirmək baxımından mühüm siqnaldır. NATO kimi qlobal təhlükəsizlik alyansının yüksək səviyyəli nümayəndələrinin Bakıya gəlişi, Azərbaycanın regiondakı sabitləşdirici güc kimi qəbul edildiyini göstərir. Prezidentin çıxışında Ulu Öndər Heydər Əliyevin strateji kursunun davamı kimi milli ordunun NATO standartlarına uyğunlaşdırılması vurğusu xüsusilə diqqətəlayiqdir. Bu, Azərbaycanın hərbi modernləşməsini təkcə müdafiə məqsədi ilə deyil, həm də regional sabitliyin qorunması üçün həyata keçirdiyini göstərir.
Eyni zamanda Prezident İlham Əliyevin Tramp administrasiyasının sülh prosesindəki rolunu qeyd etməsi, yeni geosiyasi reallıqlarda Azərbaycanın balanslı və çoxşaxəli diplomatiyasının davam etdiyini göstərir. NATO nümayəndələrinin Azərbaycanın sülh gündəliyinə verdiyi dəstək isə Qərb dünyasının Bakı ilə əməkdaşlıqda maraqlı olduğunun təsdiqidir. Bu görüş həm də Ermənistanla sülh prosesinin beynəlxalq legitimliyini artırır. Azərbaycan tərəfi göstərdi ki, sülh prosesi onun siyasi iradəsinin nəticəsidir, diktə ilə deyil, qarşılıqlı maraqlar əsasında aparılır.
Digər tərəfdən, görüşdə enerji təhlükəsizliyi və regional inkişaf məsələlərinin xüsusi vurğulanması, Azərbaycanın artıq sadəcə "neft ölkəsi" deyil, Avropanın enerji xəritəsində strateji oyunçu olduğunu xatırladır. NATO-nun Bakı ilə əlaqələrə bu səviyyədə diqqət göstərməsi həm də Türkiyə–Azərbaycan tandeminin alyans daxilindəki nüfuzunun gücləndiyini təsdiqləyir. Nəticə etibarilə bu qəbul Azərbaycanın hərbi-siyasi çəkisinin yüksəldiyini, Cənubi Qafqazda söz sahibi olan əsas güc kimi qəbul edildiyini bir daha nümayiş etdirdi".