Bu ölkələrin də deportasiya məsələsində əməkdaşlıq səviyyəsi Londonu qane etmir
Britaniya hakimiyyəti Angola, Namibiya və Konqo Demokratik Respublikasının vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırmağı nəzərdən keçirir. AYNA.AZ xəbər verir ki, bu barədə "The Times" Britaniyanın Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən yayıb.
Bildirilib ki, London bu addımı sözügedən ölkələrin qanunsuz miqrantların geri qəbuluna razılıq verməməsi ilə əlaqələndirir. Məlumata əsasən, həmin dövlətlər Böyük Britaniyada qanunsuz yaşadığı müəyyən edilmiş təqribən 4 min vətəndaşını geri qəbul etməkdən imtina edib.
Bildirilir ki, noyabrın 13-də Britaniya DİN bu ölkələrin Londondakı səfirliklərinə rəsmi xəbərdarlıq göndərib. Hakimiyyət Angolaya, Namibiyaya və Konqo DR-ə siyasətlərini dəyişmək üçün bir ay vaxt verib.
Əgər bu müddətdə əməkdaşlıq qurulma⁷sa, ilk mərhələdə həmin ölkələrin diplomatları və digər imtiyazlı şəxsləri üçün sürətli viza proseduru ləğv ediləcək – onlar müraciətləri adi qaydada təqdim etməli olacaqlar.
Növbəti mərhələdə məhdudiyyətlər bu ölkələrin bütün vətəndaşlarına şamil edilə bilər. Britaniya ABŞ-ın tətbiq etdiyi kimi, tam viza qadağası qərarını da gündəmə gətirə bilər.
Mənbələr bildirir ki, oxşar risklər Hindistan, Pakistan, Nigeriya, Banqladeş, Somali və Gabon üçün də mövcuddur – bu ölkələrin də deportasiya məsələsində əməkdaşlıq səviyyəsi Londonu qane etmir.
Qeyd edək ki, Britaniyanın DİN avqust ayında açıqlamışdı ki, 2024-cü ilin iyulundan bəri ölkəyə 50 mindən çox qanunsuz miqrant daxil olub. Krallıq 2018-ci ildən bəri La-Manş boğazını qeyri-qanuni yollarla keçən miqrantlarla bağlı artan problemlə üz-üzədir.