Şahin Seyidzadə: "Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bu gün ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlib."
38 Dünən, 12:37 siyaset
Azərbaycan və Özbəkistan münasibətləri təkcə iki dövlət arasındakı dostluq çərçivəsinə sığmayan, daha geniş miqyasda regionun geosiyasi arxitekturasına təsir edən strateji xətt formalaşdırır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bu münasibətlərin mahiyyətini və gələcək inkişaf vektorlarını son dərəcə dolğun şəkildə ortaya qoyur. Müsahibə təkcə cari əməkdaşlıq istiqamətlərinə nəzər salmaqla kifayətlənmir, həm də Azərbaycan Mərkəzi Asiya münasibətlərinin tarixi əsaslarını, mövcud strateji mexanizmləri və yeni dövrün çağırışları fonunda açılan geniş perspektivləri təhlil edir. Bu məqalə həmin müsahibədə səsləndirilən fikirləri sistemləşdirərək, Azərbaycan Özbəkistan və ümumilikdə Azərbaycan Mərkəzi Asiya əməkdaşlığının çoxşaxəli strukturunu, regional təhlükəsizlik, iqtisadi diversifikasiya, nəqliyyat-kommunikasiya, enerji, mədəni-humanitar əlaqələr və institusional inteqrasiya istiqamətlərində strateji əhəmiyyətini geniş təhlil edir. Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı əsas məqam budur ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən yalnız siyasi münasibətlər deyil, daha dərin təməllərdir. Xəzər dənizi coğrafi ayrılıq deyil, əksinə, “birləşdirici körpü” kimi çıxış edir və bu, region dövlətlərinin strateji sinerjisini möhkəmləndirir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Sammitlərində Azərbaycanın ardıcıl iştirakı artıq yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Azərbaycan regionda müşahidəçi deyil, proseslərin fəal iştirakçısıdır. 2023-cü ildə Düşənbə, 2024-cü ildə Astana, 2025-ci ildə isə Daşkənddə keçirilən sammitlərdə Azərbaycanın iştirakı siyasi dialoqun sistemli xarakter aldığını təsdiq edir. Son üç ildə Mərkəzi Asiya liderlərinin Azərbaycana təxminən 30 səfəri, eləcə də Prezident İlham Əliyevin qardaş ölkələrə 13 səfəri yüksək səviyyəli dinamikanı və siyasi etimad mühitinin dayanıqlığını nümayiş etdirir. Bu qarşılıqlı siyasi etimad həm regional, həm də qlobal platformalarda Azərbaycanın mövqeyini gücləndirir, Türk dünyası və Orta Dəhliz kimi iri layihələrdə vahid yanaşmanın formalaşmasına töhfə verir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bu gün ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlib. Müsahibədə də vurğulandığı kimi, bu münasibətlərin mahiyyəti yalnız dövlətlərarası deyil, həm də dərin insani köklərə bağlıdır. Ortalıqda ortaq etnik kimlik, dil yaxınlığı, adət-ənənə oxşarlığı və tarixi-mədəni bağlılıq dayanır. Müttəfiqlik münasibətləri haqqında Müqavilə, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” bu əməkdaşlığı hüquqi baxımdan möhkəmləndirən əsas sənədlərdir. Xüsusilə qeyd edilməlidir ki, münasibətlərin inkişafında Azərbaycan Prezidenti ilə Prezident Şavkat Mirziyoyev arasında yaranan şəxsi dostluq mühüm rol oynayır. Bu, dövlətlərarası münasibələrin dinamizmini və səmərəliliyini daha da artırır. Azərbaycan hər zaman Özbəkistanın Qarabağ məsələsində göstərdiyi prinsipial mövqeyi yüksək qiymətləndirir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyib və müharibədən sonra Qarabağın bərpasına yardım göstərən ilk ölkə olub. Füzulidə Mirzə Uluqbəy adına 600 şagirdlik məktəbin inşası yalnız tikinti layihəsi deyil, qardaşlıq münasibətlərinin rəmzi kimi tarixə düşüb. Prezident İlham Əliyevin müsahibəsində bu addım yüksək dəyərləndirilir və Azərbaycan xalqı bunu qardaşlıq jesti kimi yadda saxlayır. Bu fakt Azərbaycan Özbəkistan münasibətlərinin sadəcə diplomatik deyil, həm də mənəvi-siyasi təməllərə söykəndiyini bir daha təsdiqləyir. Azərbaycan və Özbəkistanı birləşdirən ən mühüm sahələrdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Orta Dəhliz bu əməkdaşlığın əsas sütununa çevrilib. Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün ən qısa, təhlükəsiz və səmərəli tranzit yolun məhz Azərbaycan üzərindən keçdiyini təsdiqləyir. Yaşıl enerji, xüsusilə bərpaolunan enerji mənbələrinin təşviqi sahəsində birgə layihələr regionun enerji təhlükəsizliyinə ciddi töhfə verir. Eyni zamanda, Daşkənddəki Heydər Əliyev meydanı və Bakıda salınan “Özbəkistan” parkı iki xalqın dostluğunun simvoluna çevrilib. İdman, media və QHT sektoru üzrə birgə fəaliyyət də genişlənir. Xüsusilə 2027-ci il U-20 Dünya çempionatının Azərbaycan Özbəkistan tərəfindən birgə keçirilməsi önəmli tarixi hadisədir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatında ən fəal ölkələrdən ikisidir. Hər iki dövlət türk birliyinin gücləndirilməsinə siyasi, iqtisadi və konseptual baxımdan ciddi töhfələr verir. Beləliklə, Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan əlaqələrinin nə qədər genişmiqyaslı və strateji mahiyyətə malik olduğunu bir daha nümayiş etdirir. Azərbaycan və Özbəkistan təkcə bu günün deyil, gələcəyin də strateji tərəfdaşlarıdır. İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi bu tərəfdaşlığı daha da gücləndirir və yüksəldir. Bu əməkdaşlıq regionda sabitlik, inkişaf və yeni geosiyasi reallığın əsasını təşkil edir.