SSRİ zamanı Moskvanın vasitəsilə Ermənistanın Azərbaycandan qopardığı ərazilərdən biri də Nüvədi kəndidir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı olub.
Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlər aparılır.
Məhz bu istiqamətdə gedən müzakirələrdə Nüvədinin yenidən Zəngilan rayonunun tərkibində Azərbaycanın sərhədlərinə daxil edilməsi məsələsinin gündəmə gətirilməsini təklif edənlər var.
Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlimi Mərkəzinin direktoru, ermənişünas araşdırmaçı İsmayıl Tanrıverdi bildirib ki, Nüvədi kəndi mütləq şəkildə Azərbaycana qaytarılmalıdır:
“Nüvədi tarixən Azərbaycanın Zəngilan rayonunun bir hissəsi olub. Sonradan bu ərazini ermənilər Moskvanın vasitəsilə Azərbaycandan xahiş edərək alıblar. Orada qədim tarixi abidələrimiz, babalarımızın qəbirləri var. Ermənilər bütün bunları ört-basdır edib, gizlətməyə çalışırlar, lakin hərdən də "görəsən bu abidələri azərbaycanlılar - türklər necə ərsəyə gətirib?" deyə öz-özlərinə sual verirlər. Ermənilərin dediklərinə görə, hazırda Nüvədidə 46 ailə yaşayır, bəlkə də bu göstərici daha aşağıdır. Nüvədidə yaşayan ermənilər narazıdırlar. Onlar əkib-becərdikləri ən keyfiyyətli meyvələri sata bilmirlər. Orada yaşayan ermənilər dövlət tərəfindən onlara heç bir yardım göstərilməməsindən şikayət edirlər. Vəziyyətləri ağırdır, öz ümidlərinə yaşayırlar”.
İ.Tanrıverdi vurğulayıb ki, Azərbaycan Nüvədinin qaytarılması ilə bağlı konkret şərt qoyulmalıdır:
“Dövlətimiz tərəfindən "Nüvədi bizim olmalıdır" deyə konkret şərt qoyulmalıdır. Onlar deyirlər ki, "Artvaşen" (Gədəbəydəki Başkənd-red.) Ermənistana qaytarılmalıdır. Ancaq özləri də deyirlər ki, kənd tamamilə türklərin əhatəsində olduğundan ermənilər heç vaxt gedib orada yaşamayacaqlar.
Tarix sahəsində işləyən nüvədililər də bu məsələni qaldırmalı, üstündə durmalı, tələb etməlidirlər. Orada bizim abidələrimiz, atalarımızın qəbirləri durur. Biz mütləq ora qayıtmalıyıq. Məncə, dövlət səviyyəsində məsələni qaldırmalıyıq. Mütləq o məsələ bizim xeyrimizə həll olunmalıdır, yoxsa biz uduzmuş olarıq”.