Bu gün, 20 noyabr – Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu tarix Ağdamın işğaldan azad olunmasının 5-ci ildönümüdür.
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qəti qələbə nəticəsində Ağdam şəhəri bir güllə belə atılmadan düşmən tapdağından azad edildi. 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatları zamanı ordumuz uzun illər işğal altında olan torpaqları kəndbəkənd azad edib və hər bir yaşayış məntəqəsinin geri alınması növbəti uğurlar üçün strateji üstünlük yaradıb.
Ağdam istiqaməti ən çox minalanan və düşmənin möhkəm istehkamlar qurduğu sahə olduğundan, Azərbaycan Ordusu burada hərbi taktika tətbiq edərək ağır döyüşlərə girmədən düşmən qüvvələrini yarımmühasirəyə saldı. Bu vəziyyət Ermənistanı geri çəkilməyə və kapitulyasiya aktını imzalamağa məcbur etdi.
2020-ci il 10 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu 20 noyabrda Azərbaycana qaytarıldı. Həmin gün ordumuzun bölmələri rayon ərazisinə daxil olaraq şanlı üçrəngli bayrağımızı ucaltdı.
Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla noyabrın 20-si hər il Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Xatırladaq ki, Ağdam 23 iyul 1993-cü ildə işğal edilmişdi. Rayonun 77,4%-i – 1 şəhər və 80 kəndi düşmən nəzarətinə keçmiş, yüzlərlə sosial obyekt, mədəniyyət nümunələri və dini abidələr dağıdılmışdı. Ağdam rayonu döyüşlərdə 6 min şəhid verib, onların 16-sı Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Xeberdar.net