“Ölkəmizi və xalqımızı qorumaqdan daha vacib bir missiyamız yoxdur"
ABŞ hakimiyyəti Əfqanıstan vətəndaşları üçün vizaların verilməsini dayandırmaq qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə dövlət katibi Marko Rubio açıqlama verib.
"Prezident Donald Trampın göstərişi ilə Dövlət Departamenti Əfqanıstan pasportlarından istifadə edən bütün səyahətçilər üçün vizaları dayandırıb. Ölkəmizi və xalqımızı qorumaqdan daha vacib bir missiyamız yoxdur", - deyə o bildirib.
Daha əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin baxılmasını müvəqqəti olaraq dayandırıb. Tramp administrasiyasının ölkəyə gələn sığınacaq axtaranları deportasiya etməyi planlaşdırdığını və üçüncü dünya ölkələrindən olan insanların qəbulunu və köçürülməsini qeyri-müəyyən müddətə dayandıracağını açıqlayıb.
Qeyd edək ki, 26 noyabrda bir kişi Vaşinqtonun mərkəzindəki Admiral Devid Farraqut Parkının yaxınlığında ABŞ Milli Qvardiyasının üzvlərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300 metr aralıdadır. Hücumçu və iki Milli Qvardiya üzvü yaralanıb və xəstəxanaya yerləşdirilib. Hərbçilərdən biri daha sonra ölüb. Daxili Təhlükəsizlik katibi Kristi Noem şübhəlinin 2021-ci ildə Əfqanıstandan ABŞ-a Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra müttəfiqləri qarşılamaq proqramının bir hissəsi olaraq gəldiyini bildirib.