Dünyada silah satışları rekord həddə çatıb.
Gununsesi.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, dünyanın ən böyük 100 silah istehsalçısının satışları 2024-cü ildə 679 milyard dollara yüksəlib. Bu, ötən illə müqayisədə 5,9% artım deməkdir.
Hesabatda silaha tələbin artmasının əsas səbəbi kimi Ukrayna və Qəzzadakı münaqişələr göstərilir. Ümumilikdə, 2015–2024-cü illər ərzində sektorun gəlirlərinin 26% artdığı bildirilir.
ABŞ silah sənayesində lider mövqeyini qoruyur. Dünyanın ən böyük 100 istehsalçısından 39-u ABŞ-də yerləşir. İlk üçlük isə Lockheed Martin, RTX və Northrop Grummanı əhatə edir.
Avropadakı 26 şirkətin ümumi gəlirləri 13% artaraq 151 milyard dollara çatıb.
İlk 100-lükdə yer alan iki Rusiya şirkəti – Rostec və Birləşmiş Gəmiqayırma Korporasiyasının gəlirləri də artır. Sanksiyalar səbəbindən komponent çatışmazlığı yaşansa da, daxili tələbin yüksəlməsi onların gəlirlərini 23% artıraraq 31,2 milyard dollara çatdırıb.
Hesabata görə, Asiya və Okeaniya regionu isə yeganə azalma qeydə alınan bölgədir. Buradakı 23 şirkətin gəlirləri 1,2% azalaraq 130 milyard dollara düşüb. Bunun əksinə olaraq, Yaponiya və Cənubi Koreya istehsalçıları əsasən Avropanın artan tələbi hesabına satışlarını yüksəldə biliblər.
Yaxın Şərqdə isə ilk 100-lükdə yer alan doqquz şirkətin ümumi gəliri 31 milyard dollardır. Bu məbləğin böyük hissəsi İsrailə məxsusdur. Reytinqdəki üç İsrail şirkətinin gəlirləri 16% artaraq 16,2 milyard dollara çatıb.