Masallıda meşə təsərrüfatında gərginlik: sahibkarlar təzyiq altında, narazılıqlar artmaqdadır

12 Bu gün, 20:06 cemiyyet

Masallıda meşə təsərrüfatında gərginlik: sahibkarlar təzyiq altında, narazılıqlar artmaqdadırMasallı rayonunda uzun illərdir həllini tapmayan problemlər hələ də davam edir. Yerli sahibkarların, sakinlərin və sosial şəbəkələrdə yayılan şikayətlərin bildirdiyinə görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Nəsimi Nəsibov və onun əməkdaşları – Elməddin, Tariyel və Kərəm – rayonda sahibkarlar üzərində süni təzyiqlər göstərirlər.

Sahibkarların iddialarına görə, Nəsimi Nəsibov Masallıda fəaliyyət göstərən iş adamlarını öz əməkdaşlarının üzərinə göndərir. Bu əməkdaşlar, yerli sahibkarların iş fəaliyyətinə müdaxilə edərək, bəzi hallarda tikinti və iaşə obyektlərinin fəaliyyətinə mane olur, müəyyən vəsait tələb edirlər. Sahibkarlar bildirirlər ki, icazə verilmiş tikililərdən sonra həmin əməkdaşlar tikililəri sökdürmək və sahibkarları narazı salmaq üçün göndərilir. Bu cür hallar Masallıda iş adamları arasında ciddi narazılıq və etirazlara səbəb olur.
TEREF yazır ki, redaksiyamıza göndərilən şikayət belə başlayır. Müəllif daha sonra yazır:
Saytımıza daxil olan məlumatlarda göstərilir ki, Masallıda isti su sanatoriyasına gedən yolun ətrafında yerləşən iaşə obyektləri də bu təzyiqdən azad deyil. Sahibkarlar iddia edirlər ki, müxtəlif məbləğlərdə vəsait ödədikdən sonra tikinti icazəsi alırlar, lakin daha sonra işçilərin göstərişilə tikililərə qarşı söküntü tədbirləri həyata keçirilir. Bu, sahibkarların maddi itkilərə uğramasına və böyük narazılıqların yaranmasına səbəb olur.

Digər tərəfdən, yerli sakinlərin sözlərinə görə, mərkəzin bəzi əməkdaşlarının mətbuatda çıxış edərək öz qurumlarını tənqid etməsi ictimaiyyətdə ziddiyyətli fikirlərin yaranmasına gətirib çıxarır. Bu, həm də Nəsimi Nəsibovun rəhbərliyi altında mərkəzin iş mexanizminin şəffaflığının olmadığını göstərən əlamət kimi qiymətləndirilir.

Masallıda fəaliyyət göstərən sahibkarlar və iş adamları bu cür hallar barədə artıq açıq danışmağa başlayıblar. Onlar hesab edirlər ki, mövcud vəziyyət nəzarət altına alınmalı, aidiyyəti dövlət qurumları tərəfindən 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır. Sahibkarların sözlərinə görə, şəffaflıq təmin olunmasa, rayonda iş mühiti pisləşəcək, yeni investisiyalar və sahibkarlıq təşəbbüsləri ciddi risk altına düşəcək.

İnanırıq ki, səsləndirilən şikayətlər obyektiv şəkildə araşdırılacaq, şəffaflıq təmin olunacaq və qanunsuzluq aşkar olunarsa, hüquqi tədbirlər görüləcəkdir. Masallıda fəaliyyət göstərən iş adamları ümid edirlər ki, dövlət qurumları bu məsələyə diqqət yetirəcək və sahibkarların hüquqlarının qorunması təmin olunacaq.
Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
TEREF

XƏBƏR LENTİ