
Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların, sülh və əməkdaşlıq perspektivlərinin geniş və dolğun təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın sülh quruculuğu sahəsində ardıcıl və prinsipial siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirir.
Prezident İlham Əliyev bu mükafatı otuz ildən artıq müddətdə Qafqazda qan tökülməsi, münaqişə və müharibələrdən sonra sülhün qurulmasına yönəlmiş səylərə verilən qiymət kimi qəbul etdiyini vurğuladı. Bu yanaşma dövlət başçısının sülhü yalnız siyasi məqsəd deyil, strateji inkişaf amili kimi dəyərləndirdiyini göstərir. Cənubi Qafqazın yeni inkişaf mərhələsinə daxil olması region üçün tarixi fürsət yaradır.
Dövlət başçısının qeyd etdiyi kimi, region artıq bir neçə aydır real sülh şəraitində yaşayır. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq genişmiqyaslı və davamlı sülh mühitinin formalaşmasının şahidi olur. Bu vəziyyət həm psixoloji, həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır və uzun illər davam edən qarşıdurmadan sonra yeni bir dövrün başlandığını təsdiqləyir.
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin artıq düşmənçilik mərhələsindən əməkdaşlıq mərhələsinə keçdiyini xüsusi olaraq vurğuladı. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin enerji və əsas mallarla təmin olunması sülh gündəliyinin real addımlarla müşayiət olunduğunu göstərir. Bu siyasət regionda qarşılıqlı asılılıq mexanizmlərini gücləndirir və davamlı sülhün əsaslarını möhkəmləndirir.
Prezident İlham Əliyevin fikrincə, bu prosesdən yalnız Azərbaycan və Ermənistan deyil, bütün region faydalanır. İqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və siyasi dialoqun genişlənməsi Cənubi Qafqazı sabitlik və inkişaf məkanına çevirə bilər. Dövlət başçısı əminliklə bildirdi ki, hər iki ölkənin və vətəndaş cəmiyyətlərinin birgə səyləri nəticəsində Qafqazda uzunmüddətli deyil, əbədi sülh mümkündür.
Beləliklə, Prezident İlham Əliyevin Davos müsahibəsi sülhün alternativsiz yol olduğunu və Azərbaycanın bu yolun əsas təşəbbüskarı kimi çıxış etdiyini bir daha təsdiqlədi.
Şahin Seyidzadə
Milli Məclisin Deputatı
Xəbərin müəllifi: Mirzə Mirzəli