Zaqatalada yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfərin durumu bəlli olub.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisindəki yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (kişi) fevralın 3-də saat 08:40-da Zaqatala RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumatda qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
"Hazırda bir nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır. Bir nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb".
Xatırladaq ki, qəza zamanı Aşağı Çardaqlar kənd sakinləri - 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.