Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

27 Bu gün, 10:50 siyaset

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

Prezident İlham Əliyev: “Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir”
2026-cı il fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində səsləndirilən bəyanatlar, xüsusilə Azərbaycan–Serbiya əlaqələrinin mahiyyəti, qarşılıqlı hörmət və dövlət maraqlarına əsaslanan əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir davam edir. Dövlət başçılarının bir-birini yaxından tanıması, səmimi münasibətlər və açıq dialoq mühiti əlaqələrin dayanıqlı inkişafında mühüm rol oynayır. Bu münasibətlər təkcə diplomatik çərçivədə deyil, həm də şəxsi etimada əsaslanan liderlərarası münasibətlər səviyyəsində formalaşıb.
Prezident İlham Əliyev çıxışında Serbiya xalqının tarix boyu öz dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın dövlətçilik fəlsəfəsi ilə səsləşir. Hər iki ölkə mürəkkəb geosiyasi mühitdə milli maraqlarını qorumaq və müstəqil siyasət yürütmək xəttini seçib. Serbiyanın Prezidenti Aleksandar Vučićin liderlik keyfiyyətləri də Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirildi. Qeyd olundu ki, dövlət maraqlarını hər şeydən üstün tutmaq və xalqına bağlılıq hər bir ölkənin uğurunun əsas şərtidir. Bu baxımdan Serbiyanın son illərdə qazandığı nailiyyətlər məqsədyönlü və praqmatik siyasətin nəticəsi kimi təqdim edildi. Serbiyanın təbii sərvətlərlə zəngin olmamasına baxmayaraq iqtisadi inkişaf yolunda uğurlu nəticələr əldə etməsi xüsusi vurğulandı. Bu məqam müasir dövrdə iqtisadiyyatın yalnız resurslara deyil, effektiv idarəetməyə, islahatlara və düzgün strateji planlamaya əsaslandığını göstərir.
Son illərdə Serbiyada iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar ölkənin beynəlxalq nüfuzunu artırıb. Avropa məkanında yerləşən və mürəkkəb siyasi-iqtisadi proseslərin fonunda fəaliyyət göstərən bir dövlət üçün müstəqil və dayanıqlı inkişaf modeli xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev məhz bu faktoru Serbiyanın uğurunun əsas göstəricilərindən biri kimi qiymətləndirdi.
Azərbaycan və Serbiya arasında münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır. Enerji, nəqliyyat, investisiya, müdafiə sənayesi, humanitar və mədəni sahələrdə də əməkdaşlıq genişlənməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu kontekstdə Balkan regionu ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Serbiya Cənub-Şərqi Avropada mühüm geostrateji mövqeyə malikdir. Bu amil iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Qarşılıqlı investisiyalar və birgə layihələr gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində səsləndirdiyi “Bizim gələcək üçün də açıq-aydın planlarımız var” fikri iki ölkə arasında münasibətlərin artıq möhkəm təməllər üzərində qurulduğunu və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Xüsusilə Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclası əməkdaşlığın institusional və sistemli xarakter aldığını nümayiş etdirir. Strateji Şuranın ilk iclasında siyasi, iqtisadi, energetika və nəqliyyat sahələrində geniş spektrli məsələlərin müzakirə olunması tərəflərin gələcəyə uzunmüddətli baxışının göstəricisidir. Bu platforma iki ölkə arasında qərarların koordinasiyalı şəkildə qəbul olunmasına, ortaq layihələrin planlı və davamlı icrasına imkan yaradır. Strateji Şura çərçivəsində aparılan müzakirələr göstərir ki, əməkdaşlıq təsadüfi təşəbbüslər deyil, konkret yol xəritəsinə əsaslanır. Bu isə münasibətləri daha proqnozlaşdırıla bilən və dayanıqlı edir.
Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsidir. Azərbaycan və Serbiya indiyədək beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu prinsipial mövqe gələcəkdə də davam etdiriləcək. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələləri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan iki ölkənin qarşılıqlı dəstək siyasəti onların strateji tərəfdaşlıq münasibətlərinin əsas sütunlarından biri kimi çıxış edir.
Gələcək planların mühüm istiqamətlərindən biri birgə sərmayə layihələrinin həyata keçirilməsidir. Qarşılıqlı investisiyalar həm iqtisadi əlaqələri gücləndirir, həm də tərəfdaşlığı praktik müstəviyə keçirir. Azərbaycan regionda böyük iqtisadi potensiala malik ölkə kimi enerji, nəqliyyat və infrastruktur layihələrində geniş təcrübəyə sahibdir. Serbiya isə Balkan regionunda mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Bu iki amilin birləşməsi yeni iqtisadi sinerji yarada bilər. Birgə investisiya layihələri sənaye, kənd təsərrüfatı, logistika və texnologiya sahələrini də əhatə edə bilər. Bu isə ticarət dövriyyəsinin artmasına və iqtisadi münasibətlərin şaxələndirilməsinə gətirib çıxaracaq.
Energetika Azərbaycan–Serbiya əməkdaşlığının prioritet istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir və alternativ marşrutlar vasitəsilə enerji təchizatını şaxələndirir. Serbiya üçün isə enerji təhlükəsizliyinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq təkcə təchizatla məhdudlaşmır, həm də enerji infrastrukturu, bərpaolunan enerji layihələri və texniki əməkdaşlıq istiqamətlərini əhatə edə bilər. Yeni yaranmış imkanlardan yararlanmaq və uzunmüddətli enerji tərəfdaşlığı qurmaq hər iki ölkənin iqtisadi sabitliyinə töhfə verə bilər.
Prezident İlham Əliyevin Serbiyaya səfəri və səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Dövlət suverenliyinə hörmət, milli maraqlara sadiqlik, liderlər arasında qarşılıqlı etimad və iqtisadi inkişafın praqmatik modeli Azərbaycan–Serbiya tərəfdaşlığının əsas sütunlarını təşkil edir. Bu səfər həm də onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələr uzunmüddətli və dayanıqlı tərəfdaşlığın təminatıdır. Azərbaycan və Serbiya arasındakı dostluq münasibətləri də məhz bu prinsiplər üzərində qurulub və gələcəkdə daha da möhkəmlənəcəyi gözlənilir.


K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

XƏBƏR LENTİ