Birləşmiş Ştatlar və İran arasında mövcud olan atəşkəs rejiminin müddətinin uzadılması ehtimalı var.
Oxu.Az "Associated Press"ə (AP) istinadən xəbər verir ki, çərşənbə günü yerli rəsmilər diplomatik danışıqları davam etdirmək üçün vaxt qazanmaq məqsədilə rəsmi Vaşinqton və Tehranın aprelin 22-də başa çatacaq iki həftəlik atəşkəsin uzadılması ilə bağlı "prinsipial razılığa" gəldiyini bildiriblər. Agentliyin mənbələrindən birinin sözlərinə görə, vasitəçilər hazırda üç əsas mübahisəli istiqamət - İranın nüvə proqramı, Hörmüz boğazı və hərbi əməliyyatlar nəticəsində dəymiş ziyana görə Tehrana kompensasiyanın verilməsi üzrə kompromis variantlar üzərində çalışırlar.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin bitmək üzrə olduğunu bəyan etmişdi. Dövlət başçısı eyni zamanda, aprel ayının sonunda Böyük Britaniya kral ailəsinin Birləşmiş Ştatlara rəsmi səfərinə qədər müvafiq sazişin əldə oluna biləcəyini istisna etməyib.