Sosial Şəbəkələrdə sizə yazılan mesajlarda ehtiyatlı olun! - DTX Xəbərdarlıq etdi

606 22-09-2020, 17:18 siyaset / cemiyyet

Sosial Şəbəkələrdə sizə yazılan mesajlarda ehtiyatlı olun! - DTX Xəbərdarlıq etdi
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ