Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"

1 186 11-09-2021, 10:39 siyaset / cemiyyet / gundem

Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"Doktor, şair Nazilə Gültac ilə müsahibə


Yaxın günlərdə sizin dəvətinizlə iyirmidən çox türk şairi Türkiyədən Azərbaycana səfər edəcək. Bu səfərin məqsədi nədir?

Bu dünyada yol da çoxdur, yolçu da. Əsas o yolun istiqaməti və məqsədidir. Yolçunun isə kimliyi. Bu layihənin də məqsədi Qarabağ zəfərimizi Türk dünyasına ədəbi dillə çatdırmaqdır. Qoy zəfər tariximiz haqqında şeirlər, məqalələr, hekayələr yazılsın, gələcək nəsillərə çatdırılsın.

Necə oldu ki, belə bir layihəyə başladınız?

İki il əvvəl Türkiyənin tanınmış şairi Coşkun Karabulut ilə "Könül körpüsü" adlı bir layihəyə start verdik. Məqsədimiz Türk dünyasının yazıçı və şairlərini bir-birinə tanıtmaq, arada könül bağı yaratmaq idi. Layihəmiz uğurlu oldu, səfərlər, görüşlər həyata keçirdik. Bu gün də bu xoşniyyətli layihəmizi Qarabağda qazandığımız tarixi zəfərə həsr etmişik.

Gələn qonaqlar kimlərdir, Türkiyənin hansı bölgələrindən gəlirlər?

Gələn insanlar hamısı qələm adamlarıdır. Onlar müharibə vaxtı da mənən bizim yanımızda oldular. Haqq səsimizi öz yazıları ilə dünyaya çatdırdılar. Türkiyənin müxtəlif şəhərlərində yaşayırlar. İxtisasca müxtəlif peşə sahibləri olsalar da söz dünyasının, könül dünyasının adamlarıdır.

Bu səfər neçə gün çəkəcək və səfər çərçivəsində nələr planlaşdırılır?

11 sentyabrda qonaqlar artıq Bakı Hava limanında olacaqlar. 18-nə qədər səfər davam edəcək. Ölkədaxili ilk səfərimiz qədim türk yurdu olan Gəncə şəhərinə planlaşdırılır. Müharibə zamanı bilirsiz ki, düşmən Gəncəni vurdu, dinc sakinləri atəşə tutdu. İlk səfərimiz də ora olacaq. Gələn qonaqlar orada həlak olmuş soydaşlarımızın məzarını ziyarət edəcək. Daha sonra Bakı və Sumqayıt şəhərlərində görüşlər keçiriləcək. Şəhidlər xiyabanı, Fəxri xiyaban, Qənimətlər parkı ziyarət ediləcək.

Qonaqlar getdikdən sonra yəqin ki, səfər çərçivəsində gördüklərindən, eşitdiklərindən, zəfər tariximizdən yazacaqlar.

Bəli, özləri ilə çəkilmiş qruppası gətirəcəklər. Biz də buradan media nümayəndələri dəvət etmişik. Qonaqlar dönəndən sonra Türkiyə mətbuatında yazılar yazacaq, çıxışlar edəcəklər. Könül yolçuluğunun bir məqsədi də budur.

Nazilə xanım, siz həkimsiz, pandemiya dönəmidir və işlər çoxdur. Belə bir zamanda bütün bu işləri necə çatdırırsız?

Hə, pandemiya dövründə işimiz lap ağırlaşıb. İnsanların ümidi bizədir. Biz də onların ümidini doğrultmağa çalışırıq. Lakin könül dünyamızı bəzəməsək də olmur. Ona görə də belə layihələrə vaxt ayırırıq. Mənim ən böyük var-dövlətim könül dostlarımdır. Bu, həm də vətənə xidmətdir. Mən vətənimi sevirəm. Mövzu vətəndirsə, canim da qurban.

Təbdiriniz pandemiya şərtlərinə nə dərəcədə uyğundur?

Bütün pandemiya şərtlərinə əməl olunacaq. Gələn qonaqlar Covid 19-a qarşı PZR testi olunub, vaksin pasportları var. Tədbirlərdə məsafə gözləniləcək. Dezinfeksiya tədbirləri görüləcək.

Sizə uğurlar arzulayıram. Məni də bu layihəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Sağ olun ki, belə gözəl işlər görürsünüz.

Borcumuzdur. Siz də sağ olun.

Elşad Barat

XƏBƏR LENTİ