Azərbaycanda Milli Qurtuluş Günüdür

20 15-06-2026, 10:30 cemiyyet

Azərbaycanda Milli Qurtuluş GünüdürBu gün Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. 1993-cü il iyunun 15-i ölkə tarixində dönüş nöqtəsi hesab olunur. Həmin gün ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qalıb.
Məhz 33 il əvvəl baş verən bu hadisə ölkəni dərin siyasi böhran, parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas edib. Milli Məclisin həmin gün keçirilən iclasında Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib və dövlət idarəçiliyində sabitliyin bərpası istiqamətində mühüm addımlar atılıb.
1993-cü ilin iyun hadisələri ilə ölkədə uzun sürən gərginlik səngiyib, ictimai-siyasi sabitliyin bərpası üçün əsaslı zəmin formalaşıb. Ardınca həyata keçirilən siyasət Azərbaycanı informasiya blokadasından çıxarıb və ölkənin beynəlxalq arenada mövqelərini gücləndirib.
1997-ci ildə Milli Məclisin qərarı ilə 15 iyun tarixi rəsmi olaraq Milli Qurtuluş Günü kimi təsbit olunub və hər il bu gün dövlətçilik tarixində xüsusi əhəmiyyətli gün kimi qeyd edilir.
Bu siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa edib, uzun illər işğal altında qalan torpaqlar azad olunub.
Beləliklə, Milli Qurtuluş Günü təkcə tarixi bir dönüş nöqtəsi deyil, həm də Azərbaycanın müstəqilliyinin, sabitliyinin və inkişaf yolunun əsas təməl mərhələlərindən biri kimi qiymətləndirilir.

XƏBƏR LENTİ