Rusiya vəkillərindən HƏYƏCAN TƏBİLİ

146 28-03-2023, 15:52 dunya

Rusiya vəkillərindən HƏYƏCAN TƏBİLİRusiyada 2022-ci ildə 20 ildən sonra ilk dəfə olaraq qətllər və adam öldürməyə cəhdlərin sayı 4 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə “Travmpunkt” hüquqşünaslar assosiasiyası Baş Prokurorluğun və Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatları əsasında məlumat yayıb.

Müəlliflərin fikrincə, son 20 il ərzində Rusiyada qətllərin və adam öldürməyə cəhdlərin sayında davamlı azalma müşahidə olunurdu. Məsələn, 2002-ci ildə qətl hadisələri 32 000-dən 2021-ci ildə 7332-yə qədər düşmüşdü. Daxili İşlər Nazirliyinin son məlumatına görə, qətl və adam öldürməyə cəhdlərin ümumi sayı ilə bağlı 7628 fakt qeydə alınıb.

Hesabat müəllifləri diqqəti müharibə zonasına yaxın ərazilərdə qətllərin və adam öldürməyə cəhdlərin sayının əhəmiyyətli dərəcədə artmasına yönəldirlər. Belə ki, Belqorod vilayətində qeydə alınmış qətl və cəhdlərin sayı 2021-ci illə müqayisədə 52-dən 102-yə, Kursk vilayətində 58-dən 89-a yüksəlib. Lakin coğrafi cəhətdən müharibə zonasına bitişik olmayan bir sıra bölgələrdə də (məsələn, Buryatiya və Moskva) qətllərin və sui-qəsd cəhdlərinin sayının artdığı müşahidə olunub.

Hesabat müəllifləri belə bir neqativ tendensiyanı Ukraynadakı savaşla əlaqələndirirlər. Araşdırmaçılar son bir ildə alkoqol istehlakının artdığına diqqət çəkiblər. Müəlliflər burada “Rosalkoqolrequlirovanie”nin (Alkoqol bazarının tənzimlənməsi üzrə Federal Xidmət - red.) məlumatlarına istinad edirlər. Məlumatlara əsasən, 2022-ci ildə Rusiyada güclü spirtin pərakəndə satışı əvvəlki illə müqayisədə 6,8%, arağın satışı isə 5,9% artıb.

Hüquqşünasların bildirdiyinə görə, Rusiyada qətllərin 70-80 faizi sərxoş halda törədilir.

XƏBƏR LENTİ