Yanvarın 9-da Ümid Partiyasının qərargahında siyasi partiya, ictimai təşkilat, eyni zamanda fikir adamlarının iştirakı ilə "İranda son olaylar və Güney Azərbaycan" mövzusunda dəyirmi masa keçirilidi.
Xeberdar.net məlumat verir ki, dəyirmi masanı giriş sözü ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu açaraq toplantının keçirilməsində məqsədin son günlər İranda baş verən olaylar haqda Azərbaycan siyasilərinin fikirlərini bölüşməsi olduğunu bildirdi. Sonra Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Bütöv Azərbaycan Hərəkatının sədri, filosof alim Yasəmən Qaraqoyunlu, B.Britaniyada yaşayan milli fəal İsa Türkoğlu İranda baş verən son hadisələr və bu olaylarda Güney Azərbaycanlı soydaşlarımızın reaksiyası haqda ətraflı məlumat verdilər. Qonşu ölkədə baş verənlərdə soydaşlarımızın tutduğu mövqe, beynəlxalq aləmin olaylara reaksiyası haqda Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azadlıq partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Milli-Demokratik Partiyanın sədri İsgəndər Həmidov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ağ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Qarabağ qazisi Rsa Səfərsoy, Bütöv Azərbaycan Ocaqları təmsilçisi Cavanşir müəllim və başqaları çıxış edərək İrandakı olaylara məntəqədəki təbəddülatlar kontekstindən yanaşılması, eləcə də milli haqlar uğrunda savaşan soydaşlarımızın da baş verə biləcək hər hansı dəyişikliklərdən öz haqlarına sahib olmaları üçün faydalanmaları zərurətinə toxundular.
Xeberdar.net