Erməni inqilabının ibrətləri üzə çıxır:“Paşinyanın arxasında “rəngli inqilablar” üzrə Amerika mütəxəssisləri dururlar” - Təhlil

809 9-05-2018, 10:31 dunya

Erməni inqilabının ibrətləri üzə çıxır:“Paşinyanın arxasında “rəngli inqilablar” üzrə Amerika mütəxəssisləri dururlar”  - Təhlil
Anton Krılov

vzqlyad.ru, 08.05.2018

Ermənistan məxməri (yaxud rəngli – kimə necə daha xoş gəlirsə) inqilabı başa çatıb: hakim Respublika Partiyası müxalifət lideri Nikol Paşinyana hökumət başçısı təyin edilmək üçün gərəkən səsləri əlavə edib. Vladimir Putin artıq yeni baş naziri seçilmək münasibətilə təbrik edib. “Sevgi inqilabı”nın müəmmalı yekunlarını çıxarmağın lap vaxtıdır.

Paşinyana 59, əleyhinə 42 parlamentari səs verib. Bununla yanaşı, lideri Paşinyan olan “Yelk” fraksiyası cəmi 9 deputatdan ibarətdir.

Baş nazir – ölkənin ən ali vəzifəsidir. Ermənistan prezidenti Almaniya, İtaliya, Moldova, Çexiya və başqa parlament respublikalarındakı kimi indi cüzi səlahiyyət dəstiylə dekorativ fiqurdur. Məsələn, o, parlamentin seçdiyi baş naziri vəzifəyə təsdiq edir ki, Armen Sərkisyan bunu da edib. Respublikanın yeni baş naziri artıq bir sıra siyasi bəyanatlarla çıxış edib. Başçılası: Moskva ilə müttəfiqlik münasibətləri İrəvan üçün prioritet qalacaq. Paşinyan qeyd edib: “Bizim münasibətlərimiz dostluq, bərabər hüquq, məsələləri həll etməyə hazır olmaq əsasında qurulmalıdır. Rusiya ilə hərbi əməkdaşlıq – Ermənistanın təhlükəsizliyini təmin etməkdə önəmli amildir”.

Ermənistan KTMT və AİB-ə üzvlüyü saxlayacaq. Ölkə habelə AB, İran, Gürcüstan və Çinlə “qarşılıqlı səmərəli münasibətlər quracaq”.

Ermənilər Avropa Birliyindən Gücüstan, Moldova və Ukrayna üçün artıq gerçəkləşdirilmiş vizasız rejim tələb edəcəklər. ABŞ-a gəlincə, Paşinyan ayrıca qeyd edib ki, onunla münasibətin yeni stimula ehtiyacı var: “Biz buna təkan vermək üçün addımlar atmaq niyyətindəyik”.

Baş nazir habelə Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağın gələcəyi haqda danışıqlar aparmağa hazır olduğunu ifadə edib, amma yalnız bu tanınmamış respublikanınn rəhbərliyinin iştirakilə (ki, yeri gəlmişkən, bu da Bakı üçün qəbuledilməzdir).

Kütləvi etirazların gedişində inqilab üçün ad tapılmadığından Paşinyan baş verənləri “sevgi inqilabı” adlandırmağı təklif edib, çünki “etiraz aksiyalarında qadınlar daha fəal iştirak ediblər”.

Beləliklə, kütləvi etirazların formal məqsədi əldə edilib. Yada salaq ki, etirazçıların ilk tələbi Serj Sərkisyanın istefasıydı və o, aprelin 14-də, erməni Soyqırımı qurbanlarının (mətndə bu cürdür-red.) xatirə günü ərəfəsində vəzifədən getməyə razılaşıb. Hakim partiya bundan sonra Sərkisyanı əvvəllər baş nazir postunu tutmuş Karen Karapetyanla – elə Respublika Partiyasının təmsilçisiylə əvəzləyərək “qalaqurma” təklif edib. Lakin Paşinyan etirazları ona görə təşkil etməmişdi ki, aza qane olsun. Mitinqlər davam edib və nəticəsi bu günki (dünənki-red.) səsvermə olub, bundan sonra küçə etirazlarının lideri respublikanın ali vəzifəli şəxsi olub.

Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı seçilməsi münasibətilə artıq təbrik edib. Təbrik teleqramında deyilir: “Ümid edirəm ki, Sizin hökumət başındakı fəaliyyətiniz ölkələrimiz arasındakı dostluq, müttəfiqlik münasibətlərinin sonrakı inkişafına, MDB, AİB və KTMT çərçivəsində qarşılıqlı tərəfdaşlıq fəaliyyətinə şərait yaradacaq”. Paşin ilk formal xarici səfərini Qarabağa edəcək – Ermənistanın yeni baş naziri mayın 9-da ora yollanacaq. Paşinyan mayın 14-də isə Soçidə AİB sammitinə qatılmaq niyyətindədir və Putinlə ikitərəfli görüş keçirməyə ümid edir.

Beləliklə, inqilab formal olaraq bitib, lakin SSRİ-də, ya da onun xarabalıqlarında ərsəyə gələn hər bir adamın bildiyi kimi, “inqilabın başlanğıcı var, inqilabın sonu yoxdur”. Paşinyan icra hakimiyyətinin başçısı olub, amma Respublika Partiyası parlamentdə çoxluğu saxlayıb. Başqa cür deyilsə, Paşinyan hər bir prinsipial qərar haqda anlaşmalı, ya da xalqı yenidən küçələrə çıxarmalı olacaq.

Yeni hökumətə kimlərin daxil olacağı hələlik bilinmir, Paşinyan təkcə söz verib ki, orada “oliqarxlar olmayacaqlar”. Amma, 90-cı illərin Rusiyası daxil olmaqla başqa ölkələrin timsalında bildiyimiz kimi, hökumətə təsir üçün oliqarxların şəxsən nazir vəzifəsi tutmaları heç də vacib deyil.

Paşinyanın kimin maraqlarını yeridəcəyini bu başdan söyləmək yenə də çətindir. Kimsə hesab edir ki, yeni baş nazir böyüklüyünə görə parlamentdə ikinci fraksiyaya nəzarət edən multimilyonçu Qagik Sarukyana tabe olacaq. Sarukyan Paşinyanı müxalifətin lideri kimi ilk tanıyanlardan biridir.

Kimsə düşünür ki, Paşinyan Ermənistanın 2008-ci ildə Serj Sərkisyana prezident qovğasını uduzmuş birinci prezidenti Levon Ter-Petrosyanı siyasi yoxluqdan geri qaytaracaq. Paşinyan həmin seçkilərin yekunları üzrə kütləvi iğtişaşların təşkilatçısı sayılır. O vaxt doqquz nəfər həlak olub, indiki baş nazir yeddi illik həbsə məhkum edilib, amma 2011-ci ildə əfv ediblər.

Habelə sıradakını nəzərə almağına dəyər: Paşinyan Rusiya ilə dostluq münasibətlərini saxlamaq niyyəti haqda danışmağı davam etdirdiyinə baxmayaraq, onun “rəngli inqilab” texnologiyalarından faydalandığı göz qabağındadır. Bu, əsaslı şübhə doğurur ki, yeni baş nazirin siması arxasında yekunda elektoral azlıq təmsilçilərinin hakimiyyəti ələ keçirdiyi və öz xalqlarını NATO-ya sarı apardığı liderlərə məsləhətlər verən Amerika mütəxəssisləri dururlar. Düzdür, Ermənistanın halında Paşinyanın yolunda parlament duracaq. Ola bilsin.

Bir tərəfdən, ehtimal azdır ki, seçkilərdə qələbə çalanların, amma “sevgi inqilabı”nın gedişində məğlubiyyətə uğrayanların – Respublikaçılar Partiyasının əksəriyyət təşkil etdiyi parlament öz səlahiyyətlərinin sonunadək işləyəcək.

Digər yandan, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın xatırlatdığı kimi, respublika Konstitusiyasının 94-cü maddəsində qeyd olunub: “Deputat bütün xalqı təmsil edir, imperativ mandatla yüklənməyib, öz vicdan və əqidəsini rəhbər tutur”.

Belə çıxır ki, indiki Respublika Partiyası fraksiyasını təmsil edən deputatlar onu tərk edə və ya formal tərk etmədən lazım bildikləri kimi səs verər və o zaman respublikaçılar parlament çoxluğunu yaddan çıxara bilərlər.

İstənilən halda Ermənistan qaçılmaz şəkildə respublikadakı iqtisadi duruma təsir edəcək siyasi sarsıntılar dövrünə girir. Yolların bağlanmasıyla müşayiət olunan çoxgünlük etirazlar kiçik ölkəyə artıq böyük ziyan vurub. Hakimiyyətin dəyişilməsilə bağlı mülkiyyət bölgüsü də, çətin ki, maaşların artması və biznesin uğuruna səbəb olacaq. Dünyanın başqa ölkələrindəki çoxsaylı erməni diasporunun təmsilçiləri də yenilənən respublikanın iqtisadiyyatına kütləvi şəkildə yatırım qoymağa hazır olduqlarını hələlik ifadə etməyiblər. Ölkədən qıraqda inqilabı və Paşinyanı dəstəkləyən ən məşhur erməni, System of a Down qrupunun lideri, “Kolovrata haqda əfsanə” filminə musiqinin müəllifi Serj Tankyan olaraq qalır. Amma burası da var ki, o da Los-Ancelesdən İrəvana köçməyə hazırlaşmır.

Ermənistan inqilabı növbəti dəfə sərgiləyib ki, hətta yaxşı hesablanmış siyasi islahatlar da gözlənilən nəticəyə hökmən gətirmir.

Mixail Saakaşvili oxşar islahatdan sonra prezident kreslosundan baş nazir kreslosuna keçməyi düşünürdü, amma seçkiləri uduzdu və nəticədə dünyanın narkotik paytaxtında velosipeddə dığırlanan ikiqat siyasi mühacir oldu.

Serj Sərkisyan seçkiləri uddu, amma vədinə əməl etməyə və baş nazir postuna namizədliyini irəli sürməməyə hazır olmadı, bundan sonra “məxməri inqilab” texnologiyasına qarşı durmaq bacarıqsızlığını sərgilədi. Nəticədə özü hakimiyytədən oldu, partiyasını dağılma həddinə qoydu və ən təhlükəlisi, böyüklüyünə görə parlamentin üçüncü fraksiyasının yerli-dibli idarəçilik təcrübəsi olmayan və kimi təmsil etdiyi anlaşılmayan liderinin baş nazir olduğu misilsiz örnək yaratdı. Əlbəttə, Paşinyanın “xalqı” təmsil etdiyi versiya tənqidə dözmür. Ən nikbin dəyərləndirmələrə görə, etiraz iştirakçılarının sayı 160 000 nəfər təşkil edib. 2016-cı il seçkilərindən çıxış edilsə, Ermənistanda seçicilərin sayı 2 564 244 nəfərdir.

Paşinyanın təmsil etdiyi “Yelk” bloku həmin seçkilərdə 122 049 səs yığıb. Bu qayda ilə Serj Sərkisyanın istefası və Paşinyanın təyinatına Ermənistanın yaşlı əhalisinin hətta yeddi faizini də təşkil etməyən azlıq nail olub.

Görünür, bu, erməni inqilabının ən başlıca dərsidir. Parlamentdə çoxluq, hökumətə nəzarət, elitalararası aşkar ziddiyyətlər yoxluğu, başqa ölkələrin liderlərilə əla münasibətlər – bütün bunlar “küçə”yə nəzarətin yoxluğu halında çox tezliklə heç nəyə çevrilir.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ