Polis serjantı DİN-in “102 qaynar xətti”nə zəng edərək rəisindən şikayət etdi-SENSASİYA

1 457 30-07-2018, 14:15 bolge / gundem

Polis serjantı DİN-in “102 qaynar xətti”nə zəng edərək rəisindən şikayət etdi-SENSASİYAƏdalət naminə deyək ki, daxili işlər nazirliyinin “102 qaynar xətti” digər nazirliklərin qaynar xətləri ilə müqayisədə daha çevik və operativ fəaliyyət göstərir. Hər gün buraya çoxsaylı müraciətlər daxil olur və dərhal araşdırmalar başlanılır. Amma şikayət edənlərin demək olar ki, əksəriyyəti sıravi vətəndaşlardır. Bu yaxınlarda isə Xaçmazda sensasiya sayıla biləcək hadisə baş verib. İyulun 20-də Xaçmaz stansiyası xətt polis şöbəsinin Yalama xətt polis bölməsinin bir əməkdaşı (obyektiv səbəblərə görə hələlik adını açıqlamırıq) növbədə olarkən “102”-yə telefon açıb və şöbə rəisi Həmid Həmidovun onu iş başında şərləmək istədiyindən şikayətlənib. Nazirlikdən onun müraciətini sonadək dinləyərək araşdırma aparılacağını söyləyiblər.

Əldə etdiyimiz ilkin məlumatlara görə, Xaçmaz stansiyası XPŞ-nin rəisi Həmid Həmidovdan edilən şikayət əsassız deyil. Məlumatlara görə, hadisədən bir neçə gün əvvəl polis serjantının anası daxili işlər naziri Ramil Usubova məktub ünvanlayaraq şöbə rəisinin oğluna qarşı müxtəlif yollarla təzyiq göstərdiyini, ləkələyərək işdən çıxarmağa cəhd etdiyini bildirib. Məhz bundan sonra polis serjantına qarşı müxtəlif “tədbirlərə” əl atılıb. İyulun 20-də guya onun xidməti ərazində olmaması aşkarlanıb... İnformasiyalara əsasən, vəziyyət tamamilə başqa cür olub. Polis serjantı yoldaşından ayrılaraq əraziyə baxış keçirib.

Necə olur ki, Həmid Həmidov polis serjantının anasının daxili işlər nazirinə müraciətindən sonra belə bir “əməliyyat” keçirir? Sən demə bütün bunlar səbəbsiz deyilmiş. Məlumatlara görə, Xaçmaz stansiyası XPŞ-nin rəhbərliyi polis serjantına qarşı çoxdan təzyiqlərə başlayıbmış.

Adının çəkilməsini istəməyən və XPŞ-də çalışan polis zabitlərindən birinin açıqlamasına görə, Həmid Həmidov sözügedən məsələdə polis serjantına qarşı qərəzli mövqe tutub. Digər tərəfdən, kollektivdə sağlam ab-hava da yoxdur.

Biz məsələ ilə əlaqədar müəyyən informasiyalar əldə etmişik. Baş verənləri bəzi dəqiqləşdirmələr apardıqdan sonra sizlərə çatdıracağıq. Həm də nəzərə almışıq ki, bu problem daxili işlər nazirliyi və onun tabeliyindəki nəqliyyatda baş polis idarəsinin rəsmiləri tərəfindən araşdırılır.

1- Yalama XPB-nin serjantı kimdir?
2- Xaçmaz stansiyası XPŞ-nin rəisi Həmid Həmidov onunla niyə ədavət aparır?
3- Polis serjantının anası daxili işlər nazirliyinin rəhbərliyinə konkret olaraq nədən şikayətlənib?
4- Rəis Həmid Həmidov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edibmi?

Bu və digər məsələlərə araşdırmalarımız başa çatdıqdan sonra aydınlıq gətirəcəyik.
“Şimal xəbərləri”

XƏBƏR LENTİ