Xaçmazda su problemini kimlər yaradır?

872 8-08-2018, 11:09 bolge

Xaçmazda su problemini kimlər yaradır?Xaçmaz rayonu Mollabürhan kəndinin bir qrup sakini “Şimal xəbərləri”nə ərizə ilə müraciət edib. Onlar yazırlar ki, yaşadıqları ərazi Qudyalçayın kənarında yerləşir. Əvvəllər çayın üç yerindən kəndə suvarma suyu verilirdi. Lakin SİB yaranandan sonra həmin bəndlər bağlanıb. Səbəb də su pulunun yığıla bilməməsi olub. Lakin SİB də problemi həll edə bilmir. Əhali ilə heç bir müqavilə bağlamayıb, növbəlilik prinsipi də yoxdur. Sakinlər bildirirlər ki, SİB tərəfindən suyun hər min kubmetri 50 qəpiyə alınır, əhaliyə isə 11,5 AZN-yə satılır. Nə arxlar təmizlənir, nə də vaxtında su verilir. Bir neçə il öncə H. Əliyev adına fond kənddə iki subartezian quyusu qazılması üçün külli miqdarda vəsait ayırıb. Lakin hər iki quyu SİB-in sədri Süleyman Kərimovun şəxsi təsərrüfatında vurulub. Onlar da indiyədək işləmir. Çünki su quyularını ümumi su quyularına qoşmaq mümkün deyil. Bundan əlavə, dəyəri yüz min manatlarla olan quyulardan biri SİB rəhbərinin Qəçrəş palasadakı şəxsi təsərrüfatında vurulub. Baxmayaraq ki, beş evdən ibarət olan bu yaşayış məntəqəsində çoxsaylı təbii bulaqlar var. Kəndliləri narahat edən bir məsələ də budur ki, müqaviləsiz su pulunun yığılması nə dərəcədə düzgündür. Bundan başqa su pulu hər gün yığıldığı halda qəbzlər rəhbərliyin istədiyi gün və istədiyi məbləğdə yazılır. Nəzarətçi Nurulla Abdurrahmanov sakinlərə bildirir ki, onların 50-450 manat borcları var. Hansı ki, qarşılıqlı üzləşmə aparılmadan müxtəlif rəqəmlər ortalığa çıxıb. Nəzarətçi iddia edir ki, Mollabürhan kəndinin SİB-ə ümumilikdə 18 000 manat borcu var.

Kənd sakinləri SİB rəhbərliyini və nəzarətçini artıq su pulu almaqda, vergi məsələsində, yerli orqanları isə onların fəaliyyətinə göz yummaqda ittiham edirlər. Onlar iddia edirlər ki, nəzarətçiyə artıq pul verilməsə su vermir.

Kənd sakinlərinin müraciəti ilə bağlı Xaçmaz rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Xaləddin Məlikovla əlaqə saxladıq. Həmsöhbətimiz bildirdi ki, rayonda 15 SİB fəaliyyət göstərir, onlar seçkili orqanlardır. İdarə yalnız ümumi nəzarət həyata keçirir. “Biz müxtəlif mənbələrdən suyu götürüb min kubmetrini 50 qəpiyə SİB-lərə satırıq. Birliklər suyu satmaqda sərbəstdirlər, fərqli qiymətlər ola bilər. Əhalidən qəbzsiz pul yığmaq olmaz.” X. Məlikov onu da əlavə etdi ki, Mollabürhan kəndinə komissiya göndəriləcək.

Maraqlıdır, 50 qəpiklik suvarma suyu hansı əsaslarla əhaliyə 11,5 AZN-yə satılır? Mollabürhan sakinləri bir neçə ildir ki, yerli SİB-dən narazılıq edirlər. Lakin şikayətlərinə məhəl qoyulmur. Bəs sakinlərin nəzarətçinin iddia etdiyi 18 000 manat borcu haradan yaranıb? Müqavilə bağlanmadığı halda kim sübut edə bilər ki, vətəndaşlar birliyə bu qədər borcludurlar? Axı müqavilə niyə bağlanmır? Nə üçün kəndlilər nağd şəkildə pul ödəyirlər? Yığılan vəsaitlərdən nə qədər vergi və sığorta ödənişi həyata keçirilir? Ümumiyyətlə, gözdən uzaq qalmış SİB-lərin fəaliyyətindəki hərc-mərcliyə nə vaxt son qoyulacaq? Açıq suallardır. Bizcə, aidiyyatı dövlət qurumları hərəkətə keçməli, kəndliləri dövlətdən incik salan bəzi SİB-lərin maliyyə fəaliyyətini araşdırmalıdırlar.
Xeberdar.net

XƏBƏR LENTİ