“Səfər Əbiyevin şəxsiyyətinə böyük hörmətim var…” – Polkovniklə jurnalist arasında gərginlik

531 26-11-2018, 15:35 cemiyyet

“Səfər Əbiyevin şəxsiyyətinə böyük hörmətim var…” – Polkovniklə jurnalist arasında gərginlik
Xəbər verdiyimiz kimi, sabiq müdafiə naziri Səfər Əbiyevin prokurorluq orqanlarında işləyən oğlu işdən çıxarılıb. Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu məlumat yayıldıqdan sonra jurnalistlərdən biri Roman Əbiyevin işdən çıxmasının səbəbini Müdafiə Nazirliyi mətbuat Xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu vasitəsilə dəqiqləşdirməyə cəhd göstərib. Bu zaman E.Sabiroğlu ilə ona zəng edən jurnalist arasında gərginlik yaşanıb.

Bu barədə “AzPolitika.info”ya E.Sabiroğlu məlumat verib. “Səhər-səhər telefon zənginə oyandım. Hansısa saytın əməkdaşı kimi özünü təqdim etdi. Yuxulu olduğumdan saytın adı yadımda qalmayıb. Məndən soruşur ki, bəs sabiq müdafiə naziri Səfər Əbiyevin oğlunu işdən qovublar, bu nə ilə bağlıdır. Dedim ay xanım, heç hənanın yeridir? Ayıbdır axı. Ayıb sizə olsun cavabından sonra telefonu söndürdüm…”

E.Sabiroğlu deyir ki, iki dəqiqə sonra ona yenidən zəng gəlib. “Telefonu açar-açmaz həmin xanım məni hədələməyə, şantaj eləməyə başladı. Bildirdi ki, yaxın əlaqədə olduğunuza görə məlumat almaq istədim, siz isə təhqir etdiniz. Ancaq təhqiredici hansı ifadəni işlətdiyimi soruşduqda telefonu qapatdı…
Mənə belə gəlir ki, o, jurnalist deyildi. Kiminsə öyrədilmiş təlxəyi idi. Əsəblə oynamaq istəyirdi. Adam söz tapmır deməyə.

Birincisi, məsələnin təfərrüatını haradan və necə bilə bilərəm? İkincisi, Səfər Əbiyevlə yaxın olmaq məgər cinayətdir? 20 ilə yaxın ölkənin müdafiə naziri olub. Gördüyünüz ordu onun dövründən inkişaf etməyə başlayıb. İndi zəmanə dəyişib, əməyi, zəhməti yerə vurmaq, danmaq asanlaşıb. Mənim Səfər Əbiyevin şəxsiyyətinə böyük hörmətim var və bundan sonra bu hörməti dəyişə biləcək hər hansı amilin təsirini görmürəm”.

V.NƏSİBOV

XƏBƏR LENTİ