ABŞ-da vaksinlər vurulmağa başladı - Avropa gözləyir...

481 16-12-2020, 12:37 dunya

ABŞ-da vaksinlər vurulmağa başladı - Avropa gözləyir...Dekabrın 15-də Birləşmiş Ştatlarda COVID-19-a rekord yoluxma aşkarlanıb, yüzlərlə xəstəxanada isə öz işçilərinə vaksin vurulmağa başlanıb. ABŞ-ın paytaxtında və 50 ştatın hamısında tibb ocaqlarına Pfizer şirkətinin Almaniyadan tərəfdaşı BioNTech ilə hazırladığı vaksinlər paylanır.

Ərzaq və Dərman Administrasiyası (FDA) ilk olaraq Pfizer-BioNTech vaksinini təsdiqləyib. Moderna şirkətinin hazırladığı vaksinin təsdiqlənməsinə də az qalıb.

FDA ilkin təhlilin Moderna vaksinini səmərəsi və təhlükəsizliyini təsdiqlədiyini bildirib. Dekabrın 17-də kənar ekspertlər onu tövsiyə etməli, daha sonra FDA rəsmən təsdiqləməlidir.

Britaniyada Pfizer-BioNTech vaksini ötən həftədən vurulur. Meksika, Səudiyyə Ərəbistanı, Bəhreyn və İsrail də onu artıq təsdiqləyib. Çin və Rusiya özlərinin hazırladıqları vaskinlərlə peyvəndləmə kampaniyasına başlayıblar.

ABŞ-da gündəlik yeni yoluxma rekordu 248 mini keçib, ümumi ölü sayı isə 303 mindən artıqdır. Dünyada yeni koronavirusa 73.4 milyon nəfərin yoluxduğu təsdiqlənib, onlardan 1.6 milyonu vəfat edib.

Birləşmiş Ştatlarda yoluxmalar son bir ayda dramatik şəkildə artıb. Bəzi ştatlar qadağaları sətləşdirməli olub, gecə komendant saatları tətbiq edib, restoranlar bağlanıb, toplantılar məhdudlaşdırılıb.

Dekabrın 16-dan Londonda ən sərt qadağalar qüvvəyə minir, teatrlar, pablar restoranlar bağlanır. Adamlar öz evlərindən kənar heç kəslə təmasda olmamalıdır, açıq havada isə altı nəfərin bir yerdə olmasına icazə verilir.

Səhiyyə naziri Mət Hənkok deyib ki, adamların təhlükəsizliyi üçün bu addım tamamilə vacibdir.

Cənubi Koreyada yoluxmalarda rekord artım qeydə alınır, xəstəxana çarpayılarının dolacağı sarıdan narahatlıq yaranıb. Səhiyyə orqanları son iki həftədə ağırlaşma hallarının iki dəfə artaraq dekabrın 16-da rekord 226-ya çatdığını bildirib. Pandemiyanın əvvəlində Cənubi Koreya koronavirusla mübarizədə uğur hekayəti sayılırdı. Ancaq son aylar yoluxmaların artması Seulda və ətrafında qadağaların tətbiqiylə sonuclanıb. (azadliq.org)

XƏBƏR LENTİ