İmişli sakini: Ətrafdakı küknar ağaclarının dibindən belə polis çıxır

İmişli sakini: Ətrafdakı küknar ağaclarının dibindən belə polis çıxırİmişli sakini icra başçısına dərdini deyə bilmir

"Ömrüm boyu bu dövlətə xidmət etmişəm, vergi vermişəm. Hətta könüllü fəaliyyətlərim olub. Oğlum Birinci Qarabağ Müharibəsində başından yaralanıb, kantuziya alıb. Heç normal müalicə də etdirməyiblər. İllərlə pul tökdüm ki, heç olmasa özünü idarə edə bilsin. Axırda bircə günün içində müflis oldum, hər şeyim yandı və ağız açdım, həmin dövlətim mənə hər hansı kömək etmədi”.

84 yaşlı İmişli rayon sakini Cavanşir Kərimov Meydan TV-yə belə deyir.

O, İmişlinin Alış Məmmədov küçəsində, Neft Bazasının yaxınlığında yaşayır. Evi 2017-ci ildə yanıb və ondan sonra yazmadığı, kömək istəmədiyi dövlət qurumu qalmayıb: "Bir kömək edən tapılmadı. Qalmışam bircə otağın içində. Onun da hər yerindən damır. Bir çarpayım, bir də qonşuların verdiyi, yorğan-döşəyim var, hamısı suyun içindədir. Ev yanandan ailəm də pərən-pərən düşüb. Oğlum ailəsi ilə kirayəyə çıxıb. Qızımla yoldaşım da Bakıda ucuz bir ev tapıb kirayədə qalır. Mən isə burdayam, bir balaca yer də olsa, dam vurub, otururam. Amma yaman soyuqdur, dözmək olmur”.

Cavanşir Kərimov problemi ilə bağlı dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə müraciət edib. Deyir, Vilyam Hacıyevin dövründən icra hakimiyyətinin yolunu əzbərləyib. Yeni başçının da bir dəfə qəbulunda olub, ancaq faydası olmayıb:

"Bu millət orda işləyənlərin heç birinin vecinə deyil. Nə az, nə çox, aidiyyatı qurumlara düz 2550-dən artıq məktub göndərmişəm, baxan yoxdur. Nolar, yaşlı adamam, bundan sonra işləyib özümə şərait quran yaşım deyil. Hər şeyim yanıb, sıfırdayam. Elə dövlətə göstərdiyimiz xidmətlər qarşılığında bizə bir kömək etsinlər”.

Kərimovlar ailəsinin evi qısaqapanmadan yanıb. Bilən kimi Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Ancaq hava küləkli olduğundan ev elə sürətlə yanıb ki, yanğınsöndürənlər gələnəcən hər şey külə dönüb: "Evdən də heç nə çıxara bilmədik. İmkanlı ailə idik. Pulumuz, bahalı əşyalarımız qalmadı, hamısı yanıb kül oldu. Təmiz müflis olduq. Yeni gəlin gətirəcəkdik. Oğlumun toy ərəfəsi idi. Gəlinin cehizi də yandı kül oldu. Rayonun özündən kreditə götürmüşdülər. Az qala 30 minlik əşya idi”.

Cavanşir Kərimov təqaüdə çıxana qədər Avtomobil Bazasında iritonajlı avtomobillərin təmirçisi olub: "İllərdir Neft Bazasının avtomobillərinin təmiri ilə məşğul olmuşam. Birinci Qarabağ Müharibəsi başlayanda böyük oğlumu da götürüb getdim ki, döyüşə göndərin. Oğlumu göndərdilər, amma mənə dedilər ki, arxa cəbhədə daha faydalı ola bilərsən. Nə isə, mən uzun müddət döyüşdə olan əsgərlərin ailələrinə çörək daşımışam. Oğlum da müharibədə kantuziya alıb, əsəbidir. Tez-tez müalicəyə ehtiyacı olur, inanın, daha imkanımız da yoxdur. Kiçik oğlumun da dizlərində problemlem var, heç əlillik də ala bilmir”.

Cavanşir Kərimov deyir ki, icra başçısına yaxın düşə bilmir. Axırıncı dəfə İmişli Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə "pul yoxdur, İlham Əliyev bizə bir qəpik vermir, get hara deyirsən, de”, - cavabını alıb. Artıq nə edəcəyini bilmir. Son çarə olaraq Prezident İlham Əliyevə müraciət edir: "Ondan xahiş edirəm. 3 övlad atası kimi, mənə kömək etsin. İşdir, gəlib başıma, nolar, məni küçədə qoymasın. Acınacaqlı durumda qalmışıq, ailəm pərən-pərən olub. Rayon rəhbərliyinin yanına gedirəm, yaxınlaşmalı deyil. Ətrafdakı küknar ağaclarının dibindən belə polis çıxır. İcra başçısı idarədən 4 mühafizəçi ilə çıxır. Bir göz qırpımında maşına minib qaçır. Yaxınlaşmaq istəyəndə polis adamı mühasirəyə alır. Qucaqlarına alıb rəhmətlik Heydər Əliyevin heykəlinin yanına aparıb qoyurlar. Tək çarəm sizsiniz, cənab Prezident, mənə kömək edin”.

İmişli Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildiriblər ki, yanan, zamanla qəzalı duruma düşən evlərin təmiri işinə görə onlara vəsait ayrılmır: "Bizə bu adda vəsait ayrılmır deyə, biz də bu baxımdan kimsəyə kömək edə bilmirik. Bu baxımdan edəcəyimiz nəsə yoxdur”.

İmişli sakini: Ətrafdakı küknar ağaclarının dibindən belə polis çıxır

  • 25-03-2021, 10:42
  • 617


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI