Mədə-bağırsaq ağrıları COVID əlamətidir?

561 7-10-2021, 12:29 cemiyyet

Mədə-bağırsaq ağrıları COVID əlamətidir?“Biz nə yeyiriksə, oyuq” - Həkim artan mədə-bağırsaq ağrılarından DANIŞIR



“Belə bir deyim var ki, biz nə yeyiriksə, oyuq. Necə yediyimizin də mədə problemlərinin yaranmasında rolu var”.



Modern.az xəbər verir ki, bunu qastroenteroloq Vüqar Abbasov son günlər artan mədə-bağırsaq şikayətlərilə bağlı suallara aydınlıq gətirərkən deyib.



Həkim qeyd edib ki, mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishaldır:



“Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən zaman və ya yeməkdən 2-3 saat sonra ola bilər. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyil. Çünki ağrıların müxtəlif vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola bilər, cərrahi əməliyyat aparmaq lazımdırsa, onu da ləngidə bilər”.



Qastroenteroloq mədə xəstəliklərinin yaranma səbəblərinə də aydınlıq gətirib:



“Qıcqırma, ağrı (xüsusən ac qarına və gecə ağrıları), gəyirmə, ürəkbulanma və qusma, ağızdan pis qoxu, mədədə tikə qalma hissiyyatı kimi əlamətlərlə keçən mədə-bağırsaq bağırsaq xoraları, eroziya, diafraqmal yırtıq, reflüks ezofagit kimi xəstəliklər çox yayılmış həzm problemlərindəndir. Genetik meyillilik və qidalanma vərdişləri mədə xəstəliklərinin meydana gəlməsində əhəmiyyətli bir faktordur.



Havaların soyuması ilə gündüzlər qısalmağa başlayır. Soyuq aylarda ağır xəmir xörəklərə üstünlük verilməyə başlanır. Bu da öz növbəsində yuxudan dərhal öncə yeyilən ağır yeməklərlə birgə mədə problemlərinə gətirib çıxarır. Son qida qəbulunun yatmazdan ən azı 3 saat əvvəl bitməsi məqsədəuyğundur. Bundan əlavə, mövsümi infeksiyalar səbəbindən qışda antibiotiklər çox tez-tez istifadə olunur. Bunlar həzm sisteminə mənfi təsir göstərir. Xüsusilə yaşlıların əzələ və skelet sistemi ağrılarında, revmatik xəstəliklərdə ağrıkəsicilərdən istifadə etməsində artım müşahidə olunur. Bu dərmanların həddindən artıq qəbulu səbəbiylə mədə və bağırsaq qanaması ən çox görülən problemlərdən biridir. Bu tip ağrı kəsicilərdən istifadə edən insanların mədəsini qoruyan bir dərman qəbul etmələri vacibdir”.

Xeberdar.net

XƏBƏR LENTİ