“Ankara və İrəvan gizli sənəd müzakirə edir” iddiası

338 25-02-2022, 10:23 dunya

“Ankara və İrəvan gizli sənəd müzakirə edir” iddiasıOktay Qasımov: “Revanşist qüvvələr və diaspora başlanan prosesi pozmaq üçün əllərindən gələni edirlər”
Fevralın 24-də Vyanada Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı danışıqlar keçirilib. Danışıqlar prosesinin davam etdirilməsi razılaşdırılıb. Qeyd edək ki, İrəvan və Ankara ötən ilin sonunda normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər.

Danışıqlarda Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyəni isə ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir.

Danışıqlar prosesinin getdiyi vaxtda Ermənistan parlamentinin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan jurnalistlərə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı danışıqların gündəliyinə müzakirəsi ictimaiyyətdən gizli aparılan sənəd daxildir. Deputat deyib ki, bu sənəddə erməni xalqının maraqları pozulacaq və Türkiyənin bütün ilkin şərtləri xalqdan gizli qəbul ediləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə jurnalistərə açıqlamasında bildirib ki, Ermənistan xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, qapıları üzümüzə bağlı saxlamaqdan söhbət gedə bilməz: “Biz münasibətləri gücləndirmək üçün aramızda birbaşa uçuşları bərpa etmək qərarına gəldik. Bu ayın əvvəlindən İstanbul və İrəvan arasında qeyri-müntəzəm reyslər açılıb. Biz Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik. Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistanın normallaşması prosesi bir-birini dəstəkləməklə inkişaf edə bilər. Bütün bu prosesləri indiyə qədər etdiyimiz kimi, bundan sonra da Azərbaycanla sıx koordinasiyada həyata keçirəcəyik”.

Qeyd edək ki, indiyədək Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud olmayıb, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır.

Yada salaq ki, fevralın 23-də Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bildirilib ki, iki ölkə liderləri regional məsələləri, o cümlədən Ermənistanla münasibətləri müzakirə ediblər. Bu baxımdan, fevralın 24-də olan görüşlə bağlı da məlumatların Azərbaycan tərəfinə verildiyi şübhə doğurmur. O halda Ermənistan parlamentinin vitse-spikeri hansı gizli sənədə işarə edə bilər? Erməni müxalifəti və xaricdəki lobbi rəsmi İrəvanın Türkiyə ilə əlaqələri hər hansı sənədlə möhkəmləndirilməsi ərəfəsi hansısa terror aktı həyata keçirib prosesi tormozlaya bilərmi?

Ankara və İrəvan gizli sənəd müzakirə edir" iddiası nəyə xidmət edir?
“Ankara və İrəvan gizli sənəd müzakirə edir” iddiası
Oktay Qasımov

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması istiqamətində proses bir neçə mərhələdən ibarət olub. 1993-cü ildə Azərbaycanın ərazilərini işğal etdiyi üçün Türkiyə Ermənistanla sərhədlərini bağladı və bütün əlaqələri dondurdu. Bundan sonrakı dövrlərdə 2010-cu ildə Sürix protokollarının imzalanması baş verdi. O zaman xüsusilə, Qərb ölkələrinin təzyiqi nəticəsində baş verirdi. Amma proses baş tutmadı: “Ona görə ki, həmin vaxt həm ölkədəki mövcud reallıqlar, həm də bölgə ölkələrinin maraqları nəzərə alınmırdı, xüsusilə Azərbaycanın maraqları nəzərə alınmırdı. Azərbaycan həmin prosesin əleyhinə olduğunu rəsmi bəyan etmişdi. 44 günlük Vətən müharibəsindən sonra isə regionda yeni reallıqlar yarandı. Azərbaycan Türkiyə ilə birlikdə bölgədə sülhün, əmin-amanlığın, əməkdaşlıq mühitinin yaranması üçün 3+3 əməkdaşlıq formatı təklif etdi. Bu format region ölkələrinin əksəriyyəti tərəfindən qəbul edildi. Bu format çərçivəsində ilk toplantı təxminən iki ay əvvəl keçirildi. Bu proseslə paralel olaraq Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində fəaliyyətə başlanıb. Bu prosesin həyata keçirilməsinə rəsmi Bakı öz razılığını bildirdi. Türkiyə bu prosesin aparılmasında bütün mərhələlərini Bakını məlumatlandıraraq koordinasiyalı şəkildə həyata keçirir. Yəni Bakıdan gizli proses aparılmır. Ermənistandakı daşnakların da təmsil olunduğu revanşist qüvvələr və diaspora Türkiyə ilə Ermənistan arasında başlanan prosesi pozmaq üçün əllərindən gələni edirlər və edəcəklər. Gücləri çatarsa, hətta hansısa terror aktları da həyata keçirə bilərlər”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin son telefon danışığında da bu məsələyə toxunulması təsdiq edir ki, qardaş ölkə Ermənistanla apardığı prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparır: “Bakı bütün prosesdən məlumatlıdır. Tərəflər demək olar bütün məsələlərlə bağlı bir-birini məlumatlandırır. Azərbaycanla Türkiyə əlaqələndirilmiş bir fəaliyyət içərisindədirlər. Ermənistan parlamentinin vitse-spikerinin, Daşnaksütyun Partiyasının nümayəndəsi Saqatelyanın açıqlamalarına gəlincə, əlbəttə, Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinə olan kifayət qədər qüvvələr var və o qüvvələrdən biri də məhz bu daşnak partiyasıdır. Bundan başqa, dünya erməni diasporası, erməni kilsəsi də Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinə çıxış edir. Mən erməni deputatın guya hansısa gizli sənədlərin imzalanacağı barədə dediklərini təbliğat və yalan informasiya kimi dəyərləndirirəm. Bu, sadəcə, Ermənistan cəmiyyətini çaşdırmaq, Türkiyə xofu yaratmaq və prosesi əngəlləmək üçün ortaya atılan iddialardır. İkinci görüşdə də hansısa sənədin imzalanması real deyil. Bu məsələlərin həlli çox uzun zaman aparacaq. Tezliklə hansısa sənədin imzalanması mümkün deyil”.


Xeberdar.net

XƏBƏR LENTİ