Ekologiya işçiləri böyük məğləbdə rüşvət alıb? - 10 hektar meşə ərazisinin satılması faktı təsdiq olundu

225 13-12-2023, 11:58 cemiyyet / gundem

Ekologiya işçiləri böyük məğləbdə rüşvət alıb? - 10 hektar meşə ərazisinin satılması faktı təsdiq olunduMasallıda hektarlarla meşə ərazisinin istirahət mərkəzinə satılması faktı təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzToday.az-a daxil olan məlumata görə, Masallı rayonun Qəriblər Meşəbəyliyində 10 hektara yaxın ərazininin zəbt olunması ilə bağlı müvafiq dövlət qurumları yoxlama aparıb. Yoxlamalar zamanı ərazinin dövlət meşə fonduna aid olması müəyyən olunub. Lakin yoxlama lazımi akt tərtib etməyib.

Yoxlama zamanı müəyyən olunub ki, yerli ekologiya idarələrinin “razılığı” əsasında meşə ərazisində təbii bərpanın məhv edilməsi faktı ilə yanaşı ərazidə əsaslı tikinti işlərinin aparılması qeydə alınıb.

İddialara görə, ekologiya işçiləri yanaşı başqa dövlət qurumlarına da meşə fondunun ərazisinin zəbt olunması üçün böyük məbləğlərdə rüşvət verilib.

Qeyd edək ki, ərazidə əsaslı tikinti (beton tökülüb, “besetkalar” və digər tikililər tikilib) işləri aparılıb. Həmin yer “Türkan” istirahət mərkəzi kimi tanınır.

Bundan əlavə, ərazinin Viləşçay çay yatağı hissəsində bir il öncə hamarlama işləri aparılan zaman buldozerlərlə torpağın üst münbit qatı da kürünüb. Qüvvədə olan Meşə Məcəlləsinin tələblərinə görə, meşə ərazisində əsaslı tikinti işlərinin aparılması və torpaq qatının kürüməsi qadağandır.

Amma iş adamı Ağayev Əkbər Etibar oğlunun nümayəndəsi, vəkil Vüqar Kazımov AzToday.az saytında dərc olunmuş “Muxtar Babayevin diqqətinə: 5 hektar meşə ərazisi qanunsuz şəkildə istirahət mərkəzinə satılıb” başlıqlı məqalədə səslənən iddialara etiraz edib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Ağayev Əkbər Etibar oğluna qarşı zəbt edilmiş 10 ha meşə fondu sahəsini boşaldaraq, əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbilə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edib:

“Bu iddianın qanunsuz və əsassız olması barədə məhkəməyə etirazımız təqdim olunub.

Birincisi, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Əkbər Ağayevin zəbt etdiyi kimi göstərdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb. Bu fakt onu təsdiq edir ki, Əkbər Ağayev qeyd edilən torpaq sahəsinin qanuni mülkiyyətçisidir və hər hansı zəbt iddiası tamamilə əsassızdır.

İkincisi, Ə.Ağayevin xüsusi mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır və bu fakt da hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb, çıxarışda da öz əksini tapıb.

Qeyd edildiyi kimi, iddiaçının Ə.Ağayevin zəbt etmiş olduğu ərazi kimi təqdim etdiyi torpaq sahəsi 29.10.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərindəki 3796,7 kv.m. daşınmaz əmlak isə eyni tarixdən Shirinzade Orkhan adlı Amerika Birləşmiş Ştatları vətəndaşının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və dövlət tərəfindən qorunduğundan iddiaçının irəli sürdüyü iddia tələbi tamamilə qanunsuz və əsassızdır.
Bundan başqa, iddiaçının meşə fondunun torpağı kimi təqdim etdiyi və Ə.Ağayevin mülkiyyətində olan torpaq sahəsi 1959-1960-cı illərdən etibarən meşə fondunun balansından çıxarılaraq müxtəlif hüquqi şəxslərin əvvəlcə istifadəsinə, sonradan xüsusi mülkiyyətinə keçmişdir.

10 mart 2008-ci ildə bağlanmış 1184 nömrəli müqavilədən görünür ki, 10 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “Emil” firmasına satılmış və bu barədə firmaya çıxarış və Texniki Pasport verilmişdir.

17 oktyabr 2021-ci il tarixdə “Emil” firması ilə Ağayev Əkbər Etibar oğlu, Shirinzade Orkhan arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi onların mülkiyyətinə keçmişdir. Bundan sonra onlara Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamənin 3-cü bəndinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət həyata keçirir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından biri AzToday.az-a verdiyi açıqlamasında bildirmişdi ki, iş adamı Ağayev Əkbər Etibar oğlunun həmin ərazi üzərində mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsi dövlət meşə fondunun ərazisidir:

“Qarşı tərəfin sənədlərində mülkiyyət hüququna dair çıxarış yoxdur. Nazirliyə təqdim olunan sənədlər meşə ərazisinin istismar olunmasına imkan vermir. 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Ağayev Əkbər Etibar oğluna qarşı zəbt edilmiş 10 ha meşə fondu sahəsini boşaldaraq, əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbilə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etməsindən məlumatım yoxdur. Amma məhkəməyə müraciət olunubsa, Mərkəz tələblərinin yerinə yetirilməsini məhkəmədən tələb etməlidir. Amma biz bunu müşahidə etmirik. Həqiqətən, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi meşə fondu ərazisinin zəbt olunmasının qarşısını almaq istəyirsə, qarşı tərəfin meşə fondu ərazisində əsaslı tikinti işlərinin aparmasına mane olmalıydı. Amma məhkəməyə müraciət etməklə bir növ məsuliyyəti üzərindən götürüb. Bu metod çoxdandır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində merkantil maraqlar üçün tətbiq edilir. Belə ki, meşə fondunun ərazisinin zəbt olunmasına imkan yaradılır və qəsdən məhkəməyə müraciət edilməklə prosesə mane olmurlar. Həmçinin, məhkəmədə prosesin uzun müddət dondurulmasına çalışılır ki, meşə ərazisini qanunsuz zəbt etmiş işbazlar işlərini rahatlıqla görsünlər. Buna aid onlarla məhkəmə prosesi var. Məhkəməyə gedən işlərin əksəriyyəti həmin işbazlara sərf edir. Eyni proses burada da gedir”.

Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının dediyinə görə, Masallı rayonun Qəriblər kəndi yaxınlığında “İsti su” adlanan ərazidə hektarlarla meşə fondu ərazisinin zəbt edilməsində kifayət qədər şübhəli məqamlar var: “Bu şübhəli məqamları hüquq-mühafizə orqanları araşdırmalıdır. Mənə çatan məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 qurumunun əməkdaşları qarşı tərəfdən böyük məbləğdə rüşvət alıblar. Və bu səbəbdən də meşə fondunun ərazisinin zəbt edilməsinin araşdırılmasında maraqlı deyillər, hətta buna mane də olurlar”…

Mənbə: AzToday.az

XƏBƏR LENTİ