Bakı şəhər sakini Hacıyev Bilal İsa oğlu media vasitəsi ilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova və Nazirliyin yanında İctimai Şuraya müraciət edərək kömək istəyib.
[/b]
“AzPolitika”-ya müraciət edən şikayətçi bildirir ki, Lənkəran Rayon Polis İdarəsinin əməkdaşları məhkəmə qətnaməsinin icra olunması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmirlər.
Bilal Hacıyev müraciətində yazır: “Diqqətinizə çatdırıram ki, Bakı Apellyasiya Məhkəməsinin 07.07.2022-ci il tarixli, 2(103)-4370/2022 nömrəli qətnaməsinə əsasən, Kərimov Zaur Zakir oğlundan cəmi 320000 (üç yüz iyirmi min) ABŞ dolları məbləğində pul (manatla) alınaraq mənə ödənilməsi qərara alınıb. Məhkəmə tərəfindən 16.02.2023-cü il tarixində 2(103)-4370/2022 nömrəli icra vərəqəsi verilib. İş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mehdiyev Gündüz İsmayıl oğlunun icraatındadır. İcra məmurunun artıq bütün zəruri addımları atmasına baxmayaraq, borclu Zaur Kərimov icra tələblərinə riayət etməyərək qanunvericiliyin tələblərini səylə pozmağa davam edir”.
Şikayətçi qeyd edir ki, Z.Kərimov barəsində inzibati xəta pozuntusu ilə əlaqədar olaraq məhkəməyə müraciət olunub. Onun sözlərinə görə, Lənkəran Rayon Məhkəməsinin 29.03.2024-cü il tarixli, 3(049)-294/2024 nömrəli qərarına əsasən, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. “Baş verənlərə rəğmən, Kərimov Zaur Zakir oğlu hələ də icra məmurunun tələblərinə, gördüyü bütün tədbirlərə heç bir əhəmiyyət vermir və icra tələblərini yerinə yetirmir. İcra məmuru Zaur Kərimov barəsində axtarış tədbirinin görülməsi ilə bağlı müvafiq göstəriş versə də, polis əməkdaşları axtarış göstərişini icra etmirlər və nəticədə, onun yerini müəyyən edərək, ondan öhdəliyini icra etməsini tələb etmək fiziki olaraq mümkün olmur. Buna görə də, borclu Z.Kərimov icra məmurunun göstərişlərindən yayına bilir”, - o qeyd edir.
Bilal Hacıyev müraciətində borclunun telefon nömrəsini yazır və onun aktiv olduğunu bildirir. “Buna rəğmən, polis əməkdaşları onunla əlaqə saxlayaraq hər hansı tədbir görməyə cəhd göstərmirlər”, - o əlavə edir.
Nazirdən kömək istəyən şikayətçi, Konstitusiyadan və digər qanunvericilikdən xatırlatmalar edərək hüquqularının kobud şəkildə pozulduğunu, bu halın davam etməsinin qəbuledilməz olduğunu vurğulayır: “Konstitusiyanın 129.1-ci maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir;
Konstitusiyanın 129.2-ci maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur;
“İcra haqqında” qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir”.
Bilal Hacıyev qeyd edir ki, qanunvericinin bu normanı təyin etməkdəki məqsədi, ədalətin bərqərar edilməsinə nail olmunması prosesində fundamental parça rolu oynayan məhkəmə qərarlarının lazımi şəkildə icra edilməsinin zəruriliyini göstərməkdir. “Əks halda, heç bir şəxs məhkəmə və ədliyyə sisteminə etimad göstərməzdi. Bu səbəbdən məhkəmə qərarının icrasına barəsində icra məmurlarının tələbləri olduqca vacib rola malikdir”, - vətəndaş yazır.
Bilal Hacıyev nazir Vilayət Eyvazova müraciətinin sonunda qeyd olunan məhkəmə qərarının icrasına yaradılan problemin həll olunmasını, borclu Kərimov Zaur Zakir oğlunun öhdəliyini icra etməsi üçün gərəkli addımların atılmasını təmin etməyi xahiş edir.
“AzPolitika.info”