Deputat: “İrəvan digər öhdəlikləri yerinə yetirməkdən yayınmağa cəhd edir”
Martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunub.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".
Qeyd edək ki, XII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev də sülh barədə danışıb və bildirib ki, gələcəyə nəzər salmaq lazımdır: “Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıb”.
Ermənistanın silahlanmasından danışan Prezident deyib ki, “bu, müharibəyə hazırlıqdır”. Ölkə başçısı Ermənistanın etibarı itirdiyini də diqqətə çatdırıb.
Xatırladaq ki, Ermənistan XİN də martın 13-də oxşar bəyanat səsləndirib. Rəsmi İrəvan bəyan edib ki, sülh sazişi imzalanmağa hazırdır: "Ermənistan Respublikası sazişin imzalanması tarixləri və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır".