Milli Məclisin Deputatı Şahin Seyidzadə: -"Bu səfər Azərbaycan və İran arasında dostluq və strateji tərəfdaşlığın daha da güclənməsinə mühüm töhfə vermiş oldu"

210 29-04-2025, 19:02 cemiyyet

Milli Məclisin Deputatı Şahin Seyidzadə: -"Bu səfər Azərbaycan və İran arasında dostluq və strateji tərəfdaşlığın daha da güclənməsinə mühüm töhfə vermiş oldu"
2025-ci ilin aprel ayının 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfər, iki ölkə arasında diplomatik münasibətlərin möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Milli Məclisin Deputatı Şahin Seyidzadə Xeberdar.net'ə müsahibə verib. O bildirib ki, əsrlərdir mehriban qonşuluq şəraitində yaşayan xalqlarımızın münasibətləri bu gün də eyni ənənə üzərində inkişaf edir.
Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasına bu səfəri əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Səmimi şəraitdə keçirilən danışıqlarda geniş spektrdə məsələlər müzakirə olunub və hər iki tərəf əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib. Prezident Pezeşkianın geniş nümayəndə heyəti ilə Azərbaycana səfəri və bir sıra mühüm sənədlərin imzalanması, tərəflərin qarşılıqlı inamını və yaxınlaşma iradəsini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev çıxışında bildirdi ki: “Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır”.
Tərəflər beynəlxalq arenada, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində bir-birilərinə dəstəklərini davam etdirmək niyyətlərini bir daha bildirdilər. Ticarət və iqtisadi əlaqələrin daha da genişləndirilməsi məqsədilə konkret addımların atılması qərara alındı. İmzalanmış razılaşmalar və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər qarşılıqlı əməkdaşlığı yeni səviyyəyə yüksəltmək məqsədi daşıyırdı.
İran Prezidentinin Azərbaycana səfərindən əvvəl də iki ölkə arasında fəal təmaslar həyata keçirilmişdi. Həm yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri, həm də konkret layihələrin reallaşdırılması üçün intensiv işlər görülmüşdür.
Görüş zamanı regional layihələr, xüsusən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi ətraflı şəkildə müzakirə olundu. Azərbaycan bu dəhlizin uğurla fəaliyyət göstərməsi üçün zəruri infrastruktur layihələrini artıq həyata keçirib və artan yük həcmlərini qarşılamaq məqsədilə logistika imkanlarını daha da genişləndirir.
Prezident İlham Əliyev həmçinin vurğuladı ki, Azərbaycan və İran bölgə məsələlərinin məhz region ölkələrinin iştirakı ilə həll edilməsini dəstəkləyir və bu prinsipə sadiq qalır.
Səfər zamanı imzalanan sənədlər sırasına aşağıdakılar daxildir:
2025-2027-ci illər üçün Xarici İşlər Nazirlikləri arasında Siyasi Məsləhətləşmələr Proqramı;
Nəqliyyat sahəsində 2025-2026-cı illər üçün əməkdaşlıq Anlaşma Memorandumu;
Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınmasına dair memorandum;
2025-2028-ci illəri əhatə edən Mədəni Mübadilə Proqramı;
Media sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu.
Azərbaycan və İran arasındakı diplomatik əlaqələr 1992-ci ildə qurulmuş və o zamandan bu günə qədər davamlı şəkildə möhkəmlənmişdir. İki ölkə arasında ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq genişlənməkdədir. Regional və beynəlxalq təşkilatlarda ortaq fəaliyyət də əlaqələrin strateji xarakterini daha da gücləndirir.
Dövlət başçılarının və yüksək səviyyəli rəsmilərin müntəzəm səfərləri, eyni zamanda parlamentlərarası əməkdaşlıq və mövcud müqavilə-hüquq bazası, iki ölkənin əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə dəlalət edir.
Bu səfər Azərbaycan və İran arasında dostluq və strateji tərəfdaşlığın daha da güclənməsinə mühüm töhfə vermiş oldu.

XƏBƏR LENTİ