Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

124 22-05-2025, 13:36 cemiyyet

Mayın 21-də Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib.

Axar.az xəbər verir ki, mərkəzin həkimi Nəzmin Allahverdiyeva xəstələrin ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olduqlarını bildirib.

“Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb. Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli fəst-fud qidaların istehlakı olub”, - həkim vurğulayıb.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən isə vurğulanıb ki, qida zəhərlənməsi halları Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb:

“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ