Qubadlı – qəhrəmanlıq, qayıdış və yenidənqurma rəmzi

20 Dünən, 19:29 gundem

Qubadlı – qəhrəmanlıq, qayıdış və yenidənqurma rəmzi
Azərbaycanın tarixində 25 oktyabr xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Qubadlı şəhərinin işğaldan azad olunduğu gündür. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Qələbə nəticəsində Qubadlı rayonu da azadlığa qovuşdu. Prezident İlham Əliyevin dediyi kimi:
 “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”
Bu gün Qubadlı yalnız azad edilmiş torpaqlarımızdan biri deyil, həm də qəhrəmanlıq, qayıdış və yenidənqurma simvoluna çevrilib.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazini əhatə edən bu torpaq qərbdən Ermənistanla, şimaldan Laçınla, şərqdən Cəbrayılla, cənubdan isə Zəngilanla həmsərhəddir. Rayonun əksər kəndləri Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşir, bu da ərazini kənd təsərrüfatı üçün əlverişli edir.
İşğaldan əvvəl Qubadlının 79.812 hektar torpaq fondu vardı. Ərazidə “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar düzənliklər mövcud idi. Qubadlının torpaqları, su ehtiyatları və təbii sərvətləri onun iqtisadi potensialını formalaşdırırdı. Rayonun ərazisində mərmər, yəşəm, əqiq, tuf və mişar daşı yataqları da qeydə alınmışdı. Bütün bunlar Qubadlının həm kənd təsərrüfatı, həm də sənaye baxımından mühüm inkişaf perspektivinə malik olduğunu göstərirdi. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qubadlı rayonuna hücumlar intensivləşdi. 1993-cü ilin 31 avqustunda Qubadlı tam işğal edildi. İşğal illəri ərzində rayona misli görünməmiş dağıntılar vuruldu.
94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 148 sosial obyekt, 161 mədəniyyət evi, 7 məscid və onlarla körpü dağıdıldı. 30 minə yaxın əhali məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşdırıldı. Bu, Qubadlı tarixində ən faciəli mərhələlərdən biri idi.
İşğal dövründə Ermənistan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Xaricdən gətirilən ermənilər Qubadlı kəndlərində yerləşdirildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu.
2020-ci ilin payızında Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başladığı əks-hücum əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi müharibənin gedişatında strateji dönüş nöqtəsinə çevrildi.
Düşmən şəhəri möhkəm istehkamlarla əhatə etmişdi, lakin Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı nəticəsində yüksəkliklər ələ keçirildi, şəhər düşməndən tam təmizləndi. Nəticədə Qubadlı və onun 41 kəndi işğaldan azad olundu. Bu zəfər həm də Zəngilan və Laçının azad olunmasına yol açdı.
Prezident cənab İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı Fərmanla “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Hərbi əməliyyatlarda xüsusi igidlik göstərən 15 mindən çox əsgər və zabit bu medalla təltif olundu. Qubadlının azad olunmasından sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr tarixi “Qubadlı şəhəri günü” kimi təsis edilib. Bu, həm tarixi Qələbənin, həm də vətənə dönüşün simvoludur.
Azad Qubadlıda mühüm infrastruktur layihələri icra olunur. 2021-ci ilin oktyabrında 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası istifadəyə verilib, yeni elektrik və fiberoptik xətlər çəkilib. 2025-ci ildə təsdiqlənən “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” bu ərazinin dayanıqlı inkişafını təmin edəcək. Gələcəkdə 47 mindən çox əhalinin məskunlaşması planlaşdırılır. Qubadlının Mahruzlu və Zilanlı kəndlərində artıq yeni evlər tikilir. Mahruzlu kəndində 190, Zilanlıda isə 159 evin inşası aparılır. İlk mərhələdə ümumilikdə 1600-dən çox sakinin məskunlaşdırılması nəzərdə tutulub. Prezident cənab İlham Əliyevin göstərişi ilə Qubadlıda sosial-iqtisadi inkişafı təmin edən yollar, enerji xətləri, təhsil və səhiyyə müəssisələri inşa edilir. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları regionun logistikasını yenidən formalaşdırır.
Bu yollar həm sakinlərin rahatlığını, həm də iqtisadi əlaqələrin güclənməsini təmin edəcək. Yeni su anbarları, elektrik və kommunikasiya xətləri, gömrük postları və hərbi hissələr rayonun strateji əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin azad Qubadlıya səfərləri dövlətimizin bu torpaqlara olan diqqət və qayğısının göstəricisidir. 2020-ci il 23 dekabrda Qubadlıda üçrəngli Azərbaycan bayrağı ucaldıldı.
2021-ci il 25 oktyabrda “Qubadlı” yarımstansiyasının açılışı, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin istifadəyə verilməsi və Xanlıq–Qubadlı yolunun təməlqoyma mərasimi keçirildi. 2022-ci il 19 oktyabrda Prezident “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu.
2023-cü il 4 mayda Qubadlı şəhərində inzibati bina, məktəb, xəstəxana və yaşayış məhəllələrinin təməlqoyma mərasimləri keçirildi. Bu səfərlər Qubadlının yenidən doğuluşunun canlı sübutudur. Bu gün Qubadlı artıq dağıntıların deyil, yenidənqurmanın, inkişafın və qürurun simvoludur. Qubadlının dirçəlişi Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və qətiyyətini əks etdirir. Qubadlıya qayıdış yalnız torpağa dönüş deyil, həm də milli qürurun, şəhidlərin ruhuna ehtiramın təntənəsidir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində yaxın illərdə Qubadlı müasir infrastruktura malik, yaşıl enerji ilə təmin olunan, dayanıqlı və gözəl bir şəhərə çevriləcək.
Qubadlı – Zəfərimizin, səbrimizin və yenidən doğuluşumuzun rəmzidir.

Füzuli Həsənov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri