Şahin Seyidzadə: "-Bayraq birliyimizin, milli həmrəyliyimizin və ərazi bütövlüyümüzün rəmzidir."

56 5-11-2025, 22:13 cemiyyet

Şahin Seyidzadə: "-Bayraq birliyimizin, milli həmrəyliyimizin və ərazi bütövlüyümüzün rəmzidir."

Azərbaycan xalqının əsrlərlə davam edən azadlıq mübarizəsinin, milli dövlətçilik düşüncəsinin və suveren iradəsinin ən ali ifadəsi olan üçrəngli Dövlət Bayrağı bu gün müstəqil Azərbaycanın qürur mənbəyidir. Hər il 9 noyabrda qeyd edilən Dövlət Bayrağı Günü həm tarixi yaddaşımızın, həm də milli kimliyimizin təntənəsidir.
Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Həmin qərarla 9 noyabr – Dövlət Bayrağı Günü ölkəmizdə rəsmi qeyri-iş günü elan edilmiş və milli rəmzlərimizə hörmətin, vətənpərvərlik hissinin daha da güclənməsinə təkan vermişdir. Azərbaycan bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzi kimi qəbul olunmuşdur. Bu qərar milli ideologiyanın, istiqlal düşüncəsinin, türkçülük, müasirlik və islamçılıq prinsiplərinin təntənəsi idi. Üçrəngli bayraq 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu ilə bir müddət tarix səhnəsindən çəkilsə də, xalqın yaddaşından heç zaman silinməmişdir. Əslində, o, millətin qəlbində yaşayan istiqlal arzusunun, gələcək müstəqilliyin simvoluna çevrilmişdi. Məhz bu səbəbdən 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında keçirilən tarixi sessiyada Ümummilli Lider Heydər Əliyev üçrəngli bayrağı yenidən dövlət səviyyəsində qaldırmaqla, milli dövlətçiliyimizin bərpasına möhkəm təməl qoydu. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Biz bu bayrağı meydanlarda deyil, dövlət səviyyəsində qaldırdıq. O, xalqımızın şərəfidir, tarixidir, gələcəyidir.” Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Naxçıvanda qəbul edilən qərar qısa müddət sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə bütün ölkə üzrə qüvvəyə mindi. Beləliklə, müstəqil Azərbaycanın Dövlət Bayrağı rəsmi şəkildə bərpa edildi. Ardınca 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı bayrağımızın hüquqi statusunu daha da möhkəmləndirdi. Azərbaycan Respublikasının Konstitusiyası bu rəmzə xüsusi yer verir. Onun 75-ci maddəsində hər bir vətəndaşın Dövlət Bayrağına, himninə və gerbinə hörmət etməsi vəzifəsi müəyyən olunmuşdur. Bu, yalnız hüquqi deyil, həm də mənəvi borcdur. 2004-cü ildə qəbul edilən “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun dövlət atributlarının qorunmasına xidmət edən mühüm sənədlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bayrağımıza ehtiramın dövlət səviyyəsində daha yüksək mərhələyə qalxması, milli rəmzlərimizin təbliği sahəsində mühüm addımlar atılmışdır. Xüsusilə 2007-ci il 17 noyabr tarixli Sərəncamla Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ideyası milli qürurun təcəssümünə çevrildi. 2010-cu il sentyabrın 1-də bu meydanın və Bayraq Muzeyinin açılışı xalqımızın milli oyanışının rəmzi oldu. 2024-cü ilin noyabrında isə Prezident İlham Əliyevin iştirakı ilə yenidən açılan bu meydanda dünyanın ən böyük Azərbaycan bayrağı ucaldıldı. Burada yaradılan “Zəfər qalereyası” 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin və Müzəffər Ali Baş Komandanın rəhbərliyində torpaqlarımızda qaldırılan bayraqların əbədiləşdirilməsidir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Bu sözlər 2020-ci ilin payızında reallığa çevrildi. Vətən müharibəsində əldə edilən şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda – Şuşada, Xankəndidə, Laçında, Füzulidə və digər bölgələrdə ucaldıldı. Prezident İlham Əliyevin həmin səfərlərdə bayrağı qaldırması Azərbaycan dövlətçiliyinin və xalq iradəsinin parlaq təzahürüdür. Bu gün Azərbaycan Bayrağı təkcə rəsmi binalar və dövlət qurumları üzərində deyil, hər bir vətəndaşın qəlbində dalğalanır. Bayraq birliyimizin, milli həmrəyliyimizin və ərazi bütövlüyümüzün rəmzidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun.” Dövlət Bayrağı Günü xalqımızın tarixə, müstəqilliyə və milli dəyərlərə sədaqətini nümayiş etdirən bayramdır. Hər il 9 noyabrda bu rəmz qarşısında baş əyən milyonlarla insan Vətən, dövlətçilik və gələcəyə inam hislərini bir daha ifadə edir. Bu gün Azərbaycan Bayrağı dünya birliyində müstəqil dövlətimizin başı üzərində dalğalanır və daim uca olacaq.

Şahin Seyidzadə
Milli Məclisin Deputatı


Xəbərin müəllifi: Mirzə Mirzəli

XƏBƏR LENTİ