““Azərbaycan Dəmir Yolları” QSC işğaldan azad edilmiş ərazilərdə dəmiryol infrastrukturunun yenidən qurulması ilə bağlı bir sıra layihələr həyata keçirir”.
Bunu ADY QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, onlardan ən iri layihələrdən biri Horadiz (Füzuli rayonu) – Ağbənd dəmir yolu xəttinin inşasıdır. Hazırda bu xəttin tikintisi işləri davam etdirilir:
“Ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) olan Horadiz–Ağbənd dəmir yolu xətti boyunca 8 yeni stansiyasının – Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub. Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 68%-i yerinə yetirilib. Hazırda xəttin 75–106 km aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir. 1 tunelin və 1 qalereyanın tikintisi başa çatmaq üzrədir, eyni zamanda, 1 körpünün və 3 tunelin tikinti işləri davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti ümumilikdə boyunca 600-ə yaxın süni mühəndis qurğusu, yəni körpülər, keçidlər, tunellər və s. inşa olunur. İnşa edilən körpülərdən biri 771 p.metr uzunluğa və 20 aşırıma malik olmaqla bu günə qədər ölkəmizdə tikilmiş ən uzun dəmir yolu körpüsüdür. Ümumilikdə 40 körpü inşa olunur”.
Qurum rəsmisi qeyd edib ki, dəmir yolunun üçüncü mərhələsi üzrə 3, ümumilikdə isə 4 ədəd tunel inşa edilir:
“Onlardan biri Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tunelidir və uzunluğu 677 metrdir. Digər tunel isə 1071 metr uzunluqla ölkəmizin ən uzun dəmir yolu tunelidir. Hər iki tunelin tikintisində müasir texnologiyalar və beynəlxalq normativlər tətbiq olunur. İşlər başa çatdıqdan sonra Horadiz–Ağbənd xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq”.
B.Hacıyev əlavə edib ki, bu istiqamətdə yük daşımalarının daha səmərəli həyata keçirilməsi üçün Osmanlı–İmişli xəttinin də yenidən qurulması nəzərdə tutulur:
“İşğaldan azad edilmiş bölgələrdə sərnişin daşımalarının bərpasına, bu, mərhələli şəkildə həyata keçirilir. Artıq Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi başa çatıb və yol istismara verilib. Bu ilin 30 avqustunda 32 ildən sonra ilk dəfə Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımaları bərpa olunub. Sərnişinlər Bakıdan Ağdama və əks istiqamətdə müasir qatarlarla səyahət edə bilirlər. Bu xətt boyunca Bərdə, Köçərli stansiyaları və Təzəkənd dayanacaqları da sərnişinlərin xidmətindədir. Mayın 10-da cənab Prezidentin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub. Həmçinin Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olaraq uzunluğu 28 km olan Ağdam–Xankəndi dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində 3 stansiyanın (Əsgəran, Xocalı, Xankəndi), 121 mühəndis qurğusunun inşası nəzərdə tutulur".
Metbuat.az