"Google Play" "Harada izləmək olar" adlı yeni funksiyanı işə salır.
Oxu.Az "Androidauthority" saytına istinadən xəbər verir ki, bu funksiya istifadəçilərə lazım olan film və ya serialın harada yayımlandığını tez bir zamanda müəyyənləşdirməyə kömək edəcək.
Artıq "Play Store"da axtarışa film və ya serialın adını yazdıqda, kontenti izləməyin mümkün olan bütün tətbiqlərin siyahısı istifadəçinin qarşısına çıxacaq. Əgər siyahıdakı xidmət istifadəçinin cihazında quraşdırılmayıbsa, onu birbaşa həmin səhifədən endirmək mümkün olacaq.
Bununla belə, funksiya müəyyən məhdudiyyətlərə malikdir. Sistem istifadəçinin həmin platformaya abunə olub-olmadığını göstərmir. Orada reklamların göstərilib-göstərilməyəcəyi barədə məlumat yoxdur. Həmçinin bəzi platformalarda olduğu kimi, əlavə ödənişli abunə tələb olunub-olunmadığı da göstərilmir.