Əmlak Xidmətində qaranlıq işlər-Xaçmazda vətəndaşın torpağı başqasının adına rəsmləşdirilib

247 29-11-2025, 22:03 bolge / gundem

 Əmlak Xidmətində qaranlıq işlər-Xaçmazda vətəndaşın torpağı başqasının adına rəsmləşdirilibXaçmazda bir torpaq sahəsi ətrafında illərdir davam edən anlaşılmazlıq, daha dəqiq desək, qeyri-şəffaf qərarlarla müşayiət olunan proseslər yeni suallar yaradır. Məsələ bir ailəyə məxsus 4 sot torpaq sahəsinin sonradan başqa şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlıdır.
Başaratova Gülnar Hətəm qızı 01 avqust 2018-ci ildə Xaçmaz Rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi (№ 4ə-157) əsasında həmin torpaq sahəsini alıb. 24 fevral 2022-ci ildə isə torpaq üzrə çıxarış və texniki pasport rəsmən onun adına verilib. Çıxarışın verilməsi zamanı massivdə elektron xəritələr üzərində sürüşmə aşkarlandığı üçün Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Kərim bəy tərəfindən yerində baxış keçirilib, faktiki koordinatlar ölçülüb və elektron xəritədə düzəliş ediləcəyi bildirilib. Lakin aradan illər keçməsinə baxmayaraq həmin koordinatlar elektron bazada öz əksini tapmayıb.
03 noyabr 2025-ci il tarixində 2825042655 nömrəli ərizə ilə yenidən Ərazi İdarəsinə müraciət edildikdə isə tam fərqli bir mənzərə ortaya çıxıb: bacıya məxsus torpağa Nuriyeva Könül Nurəddin qızının, həmin torpaqda tikilmiş evə isə Museyibov Müslim Tofiq oğlunun adına çıxarış verildiyi məlum olub. Məlumatlara görə, Könül Nuriyeva iki il əvvəl həmin torpağa çıxarış almaq istəyəndə ona birinci dəfə imtina verilib, lakin daha sonra naməlum və ziddiyyətli yollarla çıxarışı əldə etməyə nail olub.
Qanunvericiliyə əsasən, bələdiyyə mülkiyyətindən özəlləşdirilmiş torpaq beş il ərzində satıla və ya bağışlana bilməz. Buna baxmayaraq, Könül xanım həmin yeri qanunsuz şəkildə Museyibov Müslimə satıb. Nəticədə hüquqi baxımdan anlaşılmaz bir vəziyyət yaranıb: torpağın sahibi bir nəfər, onun üzərindəki evin sahibi isə tamam başqa şəxsdir. Azərbaycan qanunvericiliyi belə halı ümumiyyətlə qəbul etmir.
Digər narahatlıq doğuran məqam ondan ibarətdir ki, massivdə sürüşmə ilə bağlı düzəliş aparılmalı olan akt tərtib edilərkən çəpər qonşusu və torpağın faktiki sahibi olan Başaratova Gülnarın iştirakı təmin edilməyib. Hətta iddialara görə, sahənin sərhədləri də onun ərazisi hesabına dəyişdirilib.
12 noyabr 2025-ci ildə faktiki koordinatlarla bağlı Ərazi İdarəsinə göndərilən sorğuya cavab olaraq vətəndaşa sorğu ilə əlaqəsi olmayan arxiv sənədlərinin təqdim edilməsi isə vəziyyəti daha da qaranlıqlaşdırır. İddialara görə, bunun səbəbi həmin koordinatların idarənin əvvəlki hərəkətlərini ifşa etməsidir.
Ortada cavabsız qalan suallar çoxdur: Əgər əvvəlki ölçmələrdə yanlışlıq olubsa, niyə vətəndaşa göstərilmir? Torpaq və tikili necə olur ki, fərqli şəxslərin adına rəsmiləşdirilir? Ərazi İdarəsi faktiki koordinatları hansı səbəbdən gizlədir? Bütün bu sualların ünvanlandığı əsas ad isə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovdur.
Vətəndaşın sualı açıq və sərtdir: “Əgər mən haqlıyamsa, əvvəlki dövrdə baş vermiş səhv niyə gizlədilir? Burada sizin marağınız nədir?”
Unudulmamalıdır ki, cinayəti bilə-bilə gizlədən də cinayətkar qədər məsuliyyət daşıyır. Məsələ açıq qalır və araşdırma davam etdirilir.


Bashara TV

XƏBƏR LENTİ