Şahin Seyidzadə: "Xəzər dənizinin mühafizəsi Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanmışdır"
152 17-01-2026, 14:11 cemiyyet
Prezident İlham Əliyevin 12 yanvar tarixli müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun sistemli təhlili və gələcəyə yönəlik aydın baxışın ifadəsidir. “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təkcə texniki sənəd deyil, milli təhlükəsizlik, sosial rifah və ekoloji dayanıqlılıq anlayışlarını birləşdirən strateji konsepsiyadır. Müstəqilliyin ilk illərində Azərbaycan ciddi infrastruktur böhranı ilə üz-üzə idi. Elektrik enerjisi qıtlığı, qaz təminatının zəifliyi, yolların yararsız vəziyyəti və içməli su çatışmazlığı əhalinin gündəlik həyatına birbaşa təsir göstərirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən regional inkişaf proqramları bu mənzərəni köklü şəkildə dəyişdi. Bu gün ölkənin bütün ərazisi elektrik enerjisi ilə təmin olunub, generasiya gücləri 10 min meqavata yaxınlaşır və Azərbaycan artıq elektrik enerjisini ixrac etməyə hazırlaşır. Qazlaşma səviyyəsinin 96 faizə çatdırılması sosial ədalət prinsipinin real təzahürüdür. Vaxtilə qaz idxal edən ölkənin bu gün onlarla dövlətin enerji təhlükəsizliyinə töhfə verməsi milli resursların səmərəli idarə olunmasının nəticəsidir. Bu uğurlar fonunda yol infrastrukturu da geniş vüsət almış, ölkənin ucqar kəndləri belə müasir nəqliyyat şəbəkəsinə qoşulmuşdur. Su məsələsi isə həm tarixi, həm də strateji baxımdan xüsusi həssaslıq daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, su mənbələrinin təxminən dörddəbir hissəsi vaxtilə işğal altında olan ərazilərdə formalaşırdı. Bu ərazilərin azad edilməsi Azərbaycanın su təhlükəsizliyində asılılıq risklərini əhəmiyyətli dərəcədə azaltmışdır. “Sərsəng”, “Suqovuşan”, “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarlarının bərpası təkcə iqtisadi deyil, həm də siyasi suverenliyin bərpasıdır. Ermənistanın işğal dövründə sudan təzyiq vasitəsi kimi istifadə etməsi, suyun vaxtlı-vaxtında verilməməsi və ya daşqınlara səbəb olacaq şəkildə buraxılması beynəlxalq hüquqa zidd davranış idi. Prezident İlham Əliyevin bu faktları açıq şəkildə “su terroru” kimi qiymətləndirməsi məsələnin mahiyyətini tam ifadə edir. Bu gün həmin təhdidlər aradan qaldırılıb və su resursları milli maraqlara uyğun şəkildə idarə olunur. İqlim dəyişikliyi fonunda su təhlükəsizliyi qlobal çağırışdır. Dünyanın bir çox ölkələri artıq quraqlıq, daşqınlar və su qıtlığı ilə üzləşir. Azərbaycan bu riskləri vaxtında qiymətləndirərək qabaqlayıcı addımlar atmışdır. Son 20 ildə inşa edilən su anbarları, yenilənən kəmərlər və təmizləyici qurğular bu strategiyanın əsas elementləridir. Dövlətin məqsədi əhalini, sənayeni və kənd təsərrüfatını uzunmüddətli və etibarlı su mənbələri ilə təmin etməkdir. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadasının illərlə yığılıb qalmış problemlərinin kompleks həllini nəzərdə tutur. Proqramın uzunmüddətli olması işlərin mərhələli, lakin fasiləsiz aparılmasını təmin edəcək. Dövlət başçısının vurğuladığı kimi, kifayət qədər vaxt olsa da, bir gün belə yubanmağa yol verilməməlidir. Yeni su anbarlarının tikilməsi, magistral və paylayıcı şəbəkələrin yenilənməsi, sayğaclaşdırmanın tam təmin edilməsi resurs itkilərinin minimuma endirilməsinə xidmət edir. Bu gün 40–45 faiz təşkil edən su itkilərinin azaldılması gələcək nəsillər üçün strateji ehtiyatların qorunması deməkdir. Eyni zamanda, fasiləsiz su təminatının 95 faizə çatdırılması paytaxt və ətraf ərazilərdə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Yağış sularının idarə olunması sahəsində planlaşdırılan tədbirlər Bakının urbanistik inkişafında mühüm rol oynayacaq. Leysan yağışları zamanı yaranan nəqliyyat və sosial problemlərin qarşısının alınması üçün kollektor şəbəkələrinin qurulması zəruridir. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi isə həm sanitariya, həm də ekoloji baxımdan mühüm addımdır. Xəzər dənizinin mühafizəsi Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanmışdır. Dənizə buraxılan suların tam təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi regionun ekoloji tarazlığının qorunmasına xidmət edir. Bununla yanaşı, Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun tikilməsi Azərbaycanın su təminatında innovativ texnologiyalara açıq olduğunu göstərir. Nəticə etibarilə, Prezident İlham Əliyevin təqdim etdiyi Dövlət Proqramı Azərbaycanın su və kommunal təhlükəsizlik sahəsində uzunmüddətli, elmi əsaslara söykənən və milli maraqlara xidmət edən strategiyasını əks etdirir. Bu proqramın uğurla icrası ölkənin sosial-iqtisadi inkişafına, ekoloji sabitliyinə və milli təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.