Bu məhsullar bahalaşdı - SİYAHI

12 Bu gün, 18:16 cemiyyet

Bu məhsullar bahalaşdı - SİYAHI2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105.7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107.1 faiz, qeyri-qida məhsulları üzrə 103.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.6 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.5 faiz olub:

"Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin bahalaşması müşahidə olunub.

Yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində azalma qeydə alınıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, "Aİ-92" markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının qiyməti artıb.

Kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində isə eniş müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.

2026-cı ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.9 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən elektrik enerjisi və təbii qaz təchizatında, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərində, ucuzlaşma isə malların çatdırılması, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib".