
Bu gün Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür.
Xeberdar.net-in məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum həyata keçirib. Təxminən 2 500 sakin mühasirədən çıxaraq Ağdam istiqamətində hərəkət etməyə çalışsa da, dinc əhali atəşə tutulub.
Hadisə nəticəsində 613 nəfər qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq və 70 qoca olub. 1 275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi bu günədək məlum deyil. 475 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalıda baş verənlər uzun illər ərzində Azərbaycana qarşı aparılan etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Həmin dövrdə Ermənistanın siyasi-hərbi rəhbərliyi bu faciəyə görə məsuliyyət daşıyır.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində, o cümlədən Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hadisələr zamanı ölkə ərazisinin təxminən 20 faizi işğal edilib. 20 minədək vətəndaş həlak olub, 50 mindən çox insan yaralanıb və əlil qalıb. Nəticədə Azərbaycan ciddi humanitar fəlakətlə üzləşib.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 26 fevralın "Xocalı Soyqırımı Günü" elan olunması barədə qərar qəbul edib. Sənəddə faciənin səbəbləri və məsul tərəflər ətraflı şəkildə göstərilib.
Bakının Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” abidəsi ucaldılıb.
Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi ilə müxtəlif ölkələrdə anım mərasimləri, sərgilər və tədbirlər təşkil olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası isə illərdir beynəlxalq miqyasda davam etdirilir.
Azərbaycan xalqı artıq Xocalı soyqırımının 34-cü ildönümünü başı dik şəkildə yad edir. 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz, o cümlədən Xocalı rayonu işğaldan azad edilib. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı ucaldılıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 44 gün ərzində mühüm qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib. Döyüşlər zamanı Ermənistan tərəfindən Gəncə, Bərdə və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması mülki əhalinin yenidən hədəf seçildiyini göstərib.
Ötən illər ərzində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində məqsədyönlü addımlar atılıb və bir sıra ölkələr tərəfindən faciəyə siyasi-hüquqi qiymət verilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalının azad edilməsindən sonra rayona səfərləri zamanı bu faciənin heç vaxt unudulmayacağını və şəhərin yenidən qurulacağını bildiriblər.
2024-cü il fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev vurğulayıb ki, Xocalı faciəsi xalqımızın yaddaşında dərin iz buraxıb və tarixi ədalət bərpa olunub.
Hazırda Xocalıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 2024-cü ilin may ayından etibarən sakinlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı başlayıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması istiqamətində işlər görülür.
Xocalı getdikcə yenidən dirçələcək, inkişaf edəcək və gələcək nəsillər bu torpaqda daha firavan həyat sürəcəklər. Azərbaycan xalqı isə Xocalı faciəsini heç zaman unutmayacaq.